Toy bazarında ACINACAQLI DURUM: “Bakıda 10 minə toya gedən müğənni Rusiyaya 1000 manata gedirsə…” – Sevinc Musayeva

“İnsanlar düşünəcək ki, Bakıda 5 minə toya gedən məşhur müğənni basa-basa Rusiyaya 1000 manata gedibsə, deməli, burada 500 manata da oxuya bilər”.

Bunu Yenicag-az-a açıqlamasında müğənni Sevinc Musayeva toy qiymətləri ilə bağlı fikirlərini bölüşərkən deyib.

Sənətçi bildirib ki, məşhur müğənnilərin yanlış addımı üzündən toy bazarında acınacaqlı durumla qarşı-qarşıya qalıblar:

“Pandemiya zamanı Azərbaycanda toylara 5-10 minə gedən müğənnilər Rusiya toylarına 1000 manata getdilər. Mən artıq müəyyənləşdirdim ki, qadağalar aradan qaldırılandan sonra normal işlərimiz olmayacaq. Çünki Bakının özündə 5-10 minə toya gedən müğənni əgər buradan durub basa-basa Rusiyaya 1000 manata gedirsə bu, heç də yaxşı hal deyil. Toylara icazə veriləndən sonra bizim qiymətlərimiz çox aşağı düşəcək. Proqnozum özünü doğrultdu. İyulun əvvələrində mənə bir neçə təkliflər gəldi, heç birini qəbul etmədim. Çünki əvvəllər getdiyim normal qiymətlərdən də aşağı idi.

Acınacaqlı bir vəziyyətdir və bunun da səbəbkarı müğənnilərin özləridir. Heç olmasa, məşhur sənətçilər gərək bunu etməzdilər. Adlarını çəkmirəm, amma çox məşhur bir müğənni eşitdiyimə görə Rusiyaya 100 manata toya gedib. Bu, heç də düzgün bir şey deyil. Hər halda bizim qiymətlərimiz o məşhurlar qədər çox deyil, bir az aşağı olub. İndi təsəvvür edin o bahalı müğənnilərə o məbləğ deyilirsə, görün, bizə nə qiymət təklif edirlər. Çox gülünc bir vəziyyətdir. Bahalaşma da baş alıb gedir”.

Cəvahir