Toy görüntüləri yayılan Natavanı hədələdilər: “Başını kəsərəm” – VİDEO/FOTOLAR

Gənc və cazibədar aktrisa Natavan Abbaslının gəlinlik libasında fotoları yayılıb. Fotolar sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Hətta aktrisanı təhqir edib, hədələyənlər də olub.

Yenicag.az-a açıqlama verən aktrisa serialda toyu olduğunu bildirib:

“Bu fotoları “İnstagram” hesabımda paylaşdım. Elə bildilər ki, toyum olub, ailə qurmuşam. Əslində belə deyil. Bilirsiniz ki, Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə bağlı ədibin “Solğun Çiçəklər” pyesi əsasında çəkilən serialda Pəri obrazını canlandırıram. Bu fotolar serial çəkilişlərindəndir. Onu da deyim ki, gəlinlik libasımda fotolar müzakirələrə səbəb oldu. Hətta tənqidlər də az deyildi. Yazanlar oldu ki, bu paltar çox açıq-saçıqdır, ərin niyə buna icazə verir? Hətta biri yazmışdı ki, abırsız, ərin hara baxır? Normal tənqidi qəbul etmək olar, amma qərəzli fikirlərə əhəmiyyət vermirəm. Amma xoş sözlər də yazanlar çox idi. Yazırlar ki, bu geyim sizə çox yaraşdı. Sən əsl pərisən (gülür)”.

Aktrisanı obrazına görə hədələyənlər də olub:

“Bilirsiniz ki, Pəri serialda mənfi obrazdır, ögey bacısının nişanlısını əlindən alır. Bu da insanları çox qıcıqlandırdı. Onlar bu hadisəni real qəbul etdilər. Hətta məni “əlimə keçsən, səni öldürərəm” deyə, hədələyənlər də oldu”.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mədəniyyət Nazirliyi ilə birgə ərsəyə gətirdiyi filmdə baş rollardan birini gənc və cazibədar aktrisa Natavan Abbaslı canlandırır. Serialın rejissorları Xəyyam Abdullayev və Elməddin Alıyevdir.

Serialın toyla bağlı kadrlarının yer aldığı bölüm mayın 3-ü gecə saat 21:55-də İTV-də nümayiş olunacaq.

Cəvahir