Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir. Belə ki, Sabirabad RPŞ-nin Qaragüney Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Bala Həşimxanlı kəndində E.Əsədovun öz evinin həyətində toy məclisi təşkil etdiyi müəyyən edilib.
Həmin məclisdə 20 nəfərə yaxın şəxs toplaşaraq xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.
Polis əməkdaşları tərəfindən məclisdə iştirak edən doqquz nəfər saxlanılıb. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.