“Toy mərasimlərinin bərpası və idman zallarının açılması üçün…” – Vüqar Bayramov

“Daha yaxşı olardı ki, bəlli standartlar ilə bu sahədə də aktivlik bərpa edilsin”.

Yenicag.az xəbər verir ki, bunu koronavirusla əlaqədar tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini şərh edən deputat Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, mövcud şərait idman zallarının açılması və toylara icazə verilməsi üçün zəmin yaradır:

“Son həftələr koronavirusa yoluxma sayında tənzimlənən volatilliyin müşahidə edilməsi epidomoloji qaydaların icrasına nəzarəti gücləndirməklə, digər sektorlarda da iqtisadi fəaliyyətin bərpasını gündəmə gətirir.

Xüsusilə də, idman zallarının yeni qaydalar çərçivəsində fəaliyyətinin bərpası məqsədə uyğun olardı. Toy mərasimlərin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq, bu sferada hələ də açılımaya gedilmir. Daha yaxşı olardı ki, bəlli standartlar ilə bu sahədə də aktivlik bərpa edilsin.

Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var.

Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımdan da vacib hesab olunur.

Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi də vacibdir.

Buna görə də iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməsinə ehtiyac var. Yalnız bu halda həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.

Gülşən Şərif