Toy qadağasının iqtisadi fəallığa TƏSİRİ: İşsizlik, maliyyə dövriyyəsinin azalması, psixoloji təzyiq… – MÖVQELƏR

Elşad Məmmədov: “Toy məclislərinin təşkilinə qadağa qoyulması işsizliklə yanaşı, büdcə daxilolmalarına da mənfi təsir göstərir”.

Fuad İbrahimov: “Nəzərə alaq ki, bu sahələrin xidmət personalına daha çox gənc nəslin nümayəndələri daxildir”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkədə bu il mayın 31-nə qədər toy məclislərinin və digər mərasimlərin təşkili qadağan edilib. Mərasimlərin təşkilinə qoyulan qadağanın davam etməsi fonunda toy məclislərinin keçirilməsinə yönəlik məhdudiyyətin sentyabra qədər qüvvədə qalacağı iddia olunur. Bu iddialar təkzib edilsə də, cəmiyyətdə geniş müzakirələrə yol açdı.

Ötən gün isə Operativ Qərargahın brifinqində çıxış edən Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, iyun-iyul aylarında toyların təşkilinə icazə verilib-verilməyəcəyi barədə indidən qəti fikir söyləmək çətindir.

Buradan belə bir nəticəyə gəlmək olar ki, toy məclislərinin keçirilməsinə qoyulmuş qadağanın sentyabra qədər uzadılması cəmiyyətdə heç də birmənalı qarşılanmayacaq. Qeyd olunan çərçivədə maraq doğuran digər məqam isə toy məclislərinin təşkilinin əhəmiyyətini artıran iqtisadi amillərdir.

İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında qeyd edib ki, mövcud mənzərə əhalinin sağlamlığının qorunması baxımından, yaxın zamanlarda toy məclislərinin əvvəlki qaydada keçirilməsinin mümkün olmayacağını göstərir:

“Ölkədə toy məclislərinin təşkilinə qadağa qoyulması iki istiqamət üzrə öz təsirini göstərməkdədir. Birinci istiqamət psixoloji amillə bağlıdır. Toyların qadağan edilməsi insanların psixoloji durumuna ciddi şəkildə təsir göstərib. Çünki Azərbaycanda toyların geniş miqyasda keçirilməsi ənənəsi var.

İkinci istiqamət isə iqtisadi təsirlərlə bağlıdır. Ölkəmizdə toyların təşkili geniş spektrdə iş yerlərinin açılmasıdır. Şadlıq evlərində xidmət personalının işlə təmin olunması, şou-biznes seqmentinin təşkili və böyük ticarət dövriyyəsi məhz toyların təşkili nəticəsində yaranır.

Pul dövriyyəsinin son nəticədə vergi kimi büdcəyə daxil olması prosesini də unutmaq olmaz. Toy məclislərinə məhdudiyyət qoyulması işgüzar fəallığın aşağı düşməsi ilə yanaşı, iqtisadi inkişafa mənfi təsir göstərməkdədir. Toy məclislərinin uzun müddət keçirilməməsi fonunda bu proseslərin ölkə iqtisadiyyatına təsirləri və toya hazırlaşan ailələrin məlum vəziyyəti nəzərə alınmalıdır”.

Mövzu ilə bağlı Yenicag.az-a danışan iqtisadçı Fuad İbrahimov isə bildirib ki, toy məclislərinin keçirilməməsi daha çox gənclər arasında işsizliyin artmasına yol açıb:

“Toy və yas məclislərinin əvvəlki qaydada keçirilməsinə məhdudiyyətlərin qoyulması bu sahədə çalışan çoxsaylı vətəndaşların işsiz qalmasına yol açıb. Nəzərə alaq ki, bu sahələrin xidmət personalına daha çox gənc nəslin nümayəndələri daxildir.

Gənclərin işsiz qalması çox məyusedicidir. Çünki elə gənclər var ki, onların qazancı bir ailənin dolanışığına təsir edir. Ümid edirik ki, yaxın zamanlarda mövcud işsizlik problemi həll olunacaq.

Ümumiyyətlə isə son 10 il ərzində toy və yas mərasimləri nöqteyi-nəzərindən, Azərbaycan dünyanın ən israfedici ölkələrindən biri sayılır. Pandemiyanın adət-ənənələrimizə təsirlərini nəzərə alsaq, görünür, israfçılığa yol açan bəzi adətlərimizə də son verməliyik”.

Gülşən Şərif