Azərbaycandakı toylarda məşhur brendlərin adlarından istifadə edib insanlara saxta içkilər təklif edilir.
Yenicag.az xəbər verir ki, bunu deputat Novruzəli Aslanov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, yenilənmiş qanun qüvvəyə minəndən sonra kiçik, kustar üsuldan istifadə edən istehsal sahələri bağlanacaq: “Ən çox vergi ödənişi məhz bu sahədədir. Keçmiş zamanlardan bu günə qədər biz kustar üsulla məhsulların hazırlanması ilə bağlı böyük problem yaşayırıq. Bu məhsullar insanlara, cəmiyyətə təhlükədir. Əsas hədəf həmin kustar üsullu müəssisələri sıradan çıxarmaqdır. Düşünürəm ki, bu qanun layihəsi çox vacibdir və hər bir insanın sağlamlığına xidmət edəcək”.