“Toyota” şirkəti uçan avtomobillərin istehsalına hazırlaşır

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota” şirkəti tezliklə uçan avtomobillərin istehsalına başlayacaq. Şirkət tərəfindən belə avtomobillərin arxa ötürücülərinin hazırlanması istiqamətində işin başlanıldığı bildirilir.

Yenicag.az xəbər verir ki, “Toyota”nın uçan avtomobilinin prototipi 2020-ci ilin yayında Tokioda keçiriləcək Yay Olimpiya Oyunları zamanı nümayiş olunacaq. Həmin avtomobilin Olimpiya məşəlini yandıracağı nəzərdə tutulur.

Şirkət nümayəndələrinin sözlərinə görə, “Toyota” uçan maşınlar ideyasının “ilkin mərhələdə həyata keçirilməsi”nə başlayıb. Həmçinin bildirilir ki, bu layihənin kommersiyalaşdırılması istiqamətində qərar qəbul olunmayıb.

Buna baxmayaraq, dünyanın ən böyük avtomobil istehsalçısı sayılan şirkətlərindən birinin belə bir layihədə iştirakı, bu istiqamətdə ciddi addımların atıldığını deməyə əsas verir. Bu, eyni zamanda, həmin layihənin nə dərəcədə real olması barədə müzakirələrin qızışmasına da şərait yaradır. (AzerTac)

Yenicag.az

COP29