Toyuq əti alan zaman nələrə diqqət yetirməliyik?

Hippokratın qida məhsullarının orqanizmimizə bilavasitə təsiri barədə məşhur “İnsan nə yeyirsə, özü də odur!” ifadəsi bir daha onu göstərir ki, yalnız öz həyat tərzinə etinasız yanaşan insan sağlamlığının qeydinə qalmır.

İnsan orqanizminin həyat fəaliyyəti üçün vacib olan bütüb maddələr məhz qida və su ilə aldığı, xəstəliklərin bir çoxunun isə yanlış rasion və keyfiyyətsiz qida məhsullarına görə yarandığı heç kim üçün sirr deyil. Buna görə bu gün “Nə yeyirəm?” və “Bu məhsullar sağlamlığıma necə təsir edir?” kimi sualları özümüzə tez-tez veririk.

Diyetik və sağlam qida məhsullarından biri orqanlarımızın fəaliyyətinə müsbət təsir göstərən toyuq ətidir. Lakin belə bir sual yaranır: Yerli broylerin keyfiyyət səviyyəsi nədir və toyuq əti alan zaman ilk növbədə nələrə diqqət yetirməli?

Bu və digər bir çox sualları 2005-ci ildən Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə quşçuluq sənaye komplekslərinə xidmət göstərilməsi ilə məşğul olan, həmçinin uzun illərdir ki, İsraildə broylerin yetişdirilməsi üzrə ən böyük quşçuluq sənaye komplekslərindən birinə rəhbərlik edən aparıcı ekspert-məsləhətçi Boris Gennadiyeviç Belenkiy cavalandırıb.

– Boris Gennadiyeviç, broyler ətləri barədə bizə danışın.

– Broyler əti dünyada ən geniş yayılmış və münasib qiymətə satılan heyvan zülalı mənbəyidir. Ətin heç bir növünün tərkibində bu ətlərdə olduğu qədər insan orqanizmi üçün vacib maddə yoxdur. Broyler əti zülalla zəngindir (18-20 q), onun tərkibində az miqdarda yağ və çox miqdarda amin turşuları var, xolesterin səviyyəsi isə aşağıdır. Bu müsbət xüsusiyyətlərə görə broyler əti dünyanın demək olar ki bütün ölkələrində istehsal olunur. Əsas odur ki, məhsul vitamin və minerallarla zəngindir. Onlar arasında А, В1, В2, В2, В3, В5, В6, В9, С, Е vitaminləri, kalium, kükürd, natrium, maqnezium, dəmir, sink, kalsium, fosfor var.

– Broyler ətini yediyimiz zaman orqanizmimizə necə təsir göstərir?

– Broyler ətinin tərkibində əzələ böyüməsinin fəallaşdığı (idmançılar və müəyyən pəhriz saxlayan insanlar üçün olduqca vacib amil), əqli və fiziki inkişaf, saç və dırnaqların bərkiməsi zamanı insan orqanizminə lazım olan əvəzolunmaz amin turşuları var.

Broyler əti insan orqanizmi üçün vacib olan triptofan və izoleysin kimi amin turşuları ilə zəngindir. Çox az insan bilir ki, insanın qanında triptofan səviyyəsi aşağı olduqda, o tez-tez depressiya, yuxusuzluq, narahatlıq və baş ağrılardan əziyyət çəkir. İzoleysin çatışmazlığı isə baş ağrıları, tez yorulma, iştahanın azalması, əsəbiliyə yol açır.

– Yəni biz broyler ətinin faydalı qida məhsulu olduğunu əminliklə deyə bilərik?

– Yuxarıda göstərilənlərə əsasən ekspert kimi biz broyler ətinin bir çox zəngin xüsusiyyətlərə malik olduğu və müntəzəm olaraq istifadə olunmalı olan faydalı qida məhsulu olduğunu əminliklə deyə bilərik. Məsələn, o maddələr mübadiləsini normaya salır, reproduktiv orqanların işinə afrodiziak kimi müsbət təsir göstərir, görmə qabiliyyətini yaxşılaşdırır, gücü bərpa edir, qan dövranını yaxşılaşdırır, dişləri möhkəmləndirir, stress və depressiyanı aradan qaldırır, həmçinin qan təzyiqini normada saxlayır. Həmçinin, qeyd etmək istərdim ki, broyler ətinin tərkibində yağ miqdarı az olduğu üçün o, diyetik xüsusiyyətlərinə görə iri buynuzlu mal-qara ətindən fərqlənir. Buna görə də müasir insanın həyatını bu məhsulsuz təsəvvür etmək çətindir.

– Sənaye üsulu ilə yetişdirilmiş toyuq ətinin ev toyuğu ilə müqayisədə faydasının daha az olduğu fikri mövcuddur. Bu nə dərəcədə düzgün fikirdir?

– Qeyd etdiyiniz kimi, iki toyuq yetişdirmə üsulu mövcuddur: ev şəraitində və sənaye üsulu ilə. Lakin bu gün bir üsulun digərindən daha üstün olması barədə danışa bilmərik. Səbəb isə ondadır ki quşçuluq elmi sürətlə inkişaf edir və təkmilləşir. Buna görə də bu gün broylerlərin minimal miqdarda dərman istifadə etməklə, quş öldürülənədək bu və ya digər preparatın onun orqanizmindən çıxarılması müddətinə dəqiq nəzarət etməklə istehsalı mümkündür.

Quş əti ən diyetik zülal mənbələrindən biridir, buna görə də istehlakçılar arasında onun populyarlığı günbəgün artır. 100%-lik pəhriz zamanı quşun bütün piylərinin toplandığı piy toxumasının istifadəsi tövsiyə olunmur. Lakin bu qayda həm ev, həm sənaye toyuqlarına şamil edilir. Zərərli xolesterini də qeyd etmək lazımdır, orqanizmdə yüksək miqdarda xolesterin həddən artıq qızardılmış və hisə verilmiş ətin yeyilməsi, genetik meyllilik, fiziki fəallığın aşağı olması, rasionda meyvə-tərəvəzlərin az olması ilə əlaqədar ola bilər. Lakin yenə də bu həm ev quşu, həm broyler ətinə şamil edilir.

– Quşçuluq elminin inkişafı barədə qeyd etdiniz. Bu sahədə hansı təkmilləşmələri qeyd edə bilərsiniz və azərbaycanlı istehsalçılar yeni meylləri izləyir?

– Bu gün broyler əti bütün dünyada sürətlə yayılır. Deməli yetişdirilmiş toyuğun keyfiyyəti barədə narahatlıq da artır. Heç kim üçün sirr deyil ki, Asiyada, Qərbdə və s. yerlərdə artıq çoxdandır ki, tamamilə başqa ət istehsalı normaları formalaşıb. Təəssüf ki, Azərbaycanda indi əsasən köhnə sovet təsərrüfatları qalıb. Quşçuluq sənaye fabriklərinin bir-birinə çox yaxın yerləşdiyini müşahidə edə bilərik. Bu onu göstərir ki, bir fermanın quşları xəstəliyə yoluxsa, bu dərhal yaxınlıqda yerləşən fermalara yayılacaq. Buna görə də lazımi bioloji təhlükəsizlik normalarına əməl etməyən, köhnə sistemlə işləyən quşçuluq fabrikləri xəstəliklərin və tələfatın azaldılması üçün toyuqlara antibiotik vurmaq məcburiyyətində qalır.

Sənaye istehsalı toyuğa yemlə birlikdə lazımi dərman preparatlarının verilməsini, lakin müasir istehsalçının əsas vəzifəsinin buna zərurətin azaldılması olduğunu nəzərdə tutur. Bu gün bu məsələnin bir çox həll yolu var. Məsələn, bioloji təhlükəsizlik normalarına əməl olunması, quşçuluq kompleksi obyektlərinin təcrid olunması, düzgün daxili nəzarətin tətbiqi, heyətlə iş və təbii ki broyler toyuqlarının müasir standartlara uyğun yetişdirilməsi. Bu norma və qaydalara əməl etməklə istehsalçılar ət məhsullarının keyfiyyət səviyyəsini artıra bilər.

– Müasir insanın əsas prinsiplərindən biri formada qalmaqdır. Buna görə də çoxları ideal bədən quruluşunu poza biləcək qida məhsullarından uzaq durmağa çalışır. Broyler əti piylənməyə səbəb ola bilər?

– Xeyr. Axı broyler əti tamamilə diyetikdir. O, həm uşaqlar, həm idmançılar üçün uyğundur. Məhsuldakı kalori miqdarı cəmdəyin bu və ya digər hissəsinin hazırlanma üsulundan asılıdır: tərkibində cəmi 113 kkal olan can əti ən azkalorili hesab olunur, bud ətində 180 kkal, budun dərisiz lətində isə 241 kkal var. Ətə bol-bol yağ və mayonez əlavə etdiyiniz halda onun tam diyetik olması barədə söz gedə bilməz.

– Ölkəmizdə yetişdirilən və daha sonra piştaxtalarda təqdim olunan broyler toyuğunun növləri barədə danışın

– Bütün dünyada olduğu kimi Azərbaycanda da broyler toyuqlarının yetişdirilməsi üçün iki əsas kross mövcuddur: Ross-308 və Cobb-500. Cobb-500 əsas fərqi ağ lələklər və dərinin genetik olaraq sarı rəngdə olmasıdır. Bununla əlaqədar olaraq hətta adi piqmentsiz yemlər verildikdə belə öldürüldüyü zaman quşun dəri rəngi hər zaman azca sarı olur. Digər broyler krosları ilə müqayisədə Cobb-500 sürətlə böyüməsi və kökəltmə müddətinin daha qısa olması ilə fərqlənir. Quşun orta çəkisi 35 günə 1,9 kq, 42 günə 2,6 kq çatır. Cobb-500 cücələrinin krossu bütün dünyada olduqca effektiv broyler krossu hesab olunur.

Ross-308 krossu broyleri çox miqdarda inkubasiya yumurtası və cücələrin yüksək çıxarılma faizi ilə seçilir, bu isə broyler cücələrinin istehsal bazarında rəqabətqabiliyyətli olmağa imkan verir. Ross-308 broylerinin fərqli xüsusiyyətləri intensiv böyümə və tez yetişmə, boyun balaca olması, güclü əzələlər, cəmdəyin sarı olmaması, sabit məhsuldarlıq və yetişdirilməsinin nisbətən asan olmasıdır.

– Yerli istehsalçıları əsas tutaraq Azərbaycanın ticarət şəbəkələrində toyuq məhsullarının keyfiyyəti barədə nə deyə bilərsiniz?

– Həmkarlarımızla artıq çoxdandır ki, Azərbaycanda müxtəlif quşçuluq kompleksləri üçün xarici peşəkar məsləhətçi kimi işləyirik. Birmənalı olaraq deyə bilərəm ki, respublikada quşçuluq sahəsi fəal inkişaf edir. Yerli məhsulların idxal olunan toyuq ətini demək olar ki kənarlaşdırması böyük nailiyyətdir. Broyler ətinin çeşidləri və keyfiyyəti günbəgün artır.

Ümid edirik ki, tez bir zamanda piştaxtalarımızda daha dərin emaldan keçən məhsullar təqdim olunacaq. Söhbət yarımfabrikatlardan gedir. Onların keyfiyyəti istehlakçıları evdə hazırlamağın deyil hazır məhsulların alınması və vaxta qənaət edilməsinin xeyrinə seçim etməyə təşviq edəcək dərəcədə yüksək ola bilər.

– Yerli quşçuluq sahəsində ətin keyfiyyəti ilə bağlı hansı problemlər var?

– Bu baxımdan məhsulun keyfiyyətinin əsasən quşçuluq kompleksinin peşəkar kadrlarla təmin olunmasından asılı olduğunu qeyd etmək lazımdır. Təəssüf ki, bu gün peşəkar kadr çatışmazlığı müşahidə olunur. Bu məsələ yalnız Azərbaycanda deyil, ümumilikdə MDB ölkələrində quşçuluq sahəsində aktualdır.

Dövlət baytarlıq xidməti tərəfindən nəzarət səviyyəsinə gəldikdə isə hesab edirik ki, bu nəzarət daha da yüksək səviyyədə ola bilərdi. Bu baxımdan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə Fərman müsbət addımdır. Bu agentliyin fəaliyyəti ölkədə istehsal olunan məhsulların keyfiyyətinə nəzarətə yönəlib. Sözsüz ki, dövlət baytarlıq xidməti tərəfindən istehsal, daşınma və satış mərhələlərində məhsulların keyfiyyətinə nəzarət səviyyəsinin artırılması üçün tədbirlər görülməlidir.

Həmçinin, broyler əti istehsalçılarının ittifaqının olmaması məsələsini qeyd etmək olar. Bütün broyler əti istehsalçıları üçün vahid norma və qaydalar, quşlarda xəstəliklərin diaqnostikası üçün laboratoriya kompleksi, heyətin ixtisasının artırılması üçün planlı sistem və s. mövcud deyil. Sadalananlara çəkisi az olan cəmdəyin təbii cücə olması barədə yanlış fikri də əlavə edərdim. Buna görə də respublikanın ticarət şəbəkələrində çəkisi çox aşağı olan, yəni 1.2.-1.4 kiloqramlıq broyler cəmdəklərinə tələbat böyükdür.

– Peşəkar ekspertlərin çəki ilə bağlı fikrini eşitmək istərdik.

– Məsələ ondadır ki, broylerlərin yetişdirilməsi zamanı heyvandarın müəyyən etdiyi dəqiq standartlar və əmtəə cədvəl kondisiyaları mövcuddur. Dünyadakı bütün seleksiya şirkətləri broyler növlərinin genetik potensialının inkişafı üçün böyük səylər göstərir və böyük məbləğdə vəsaitlər yatırılır. Məhz broyler kroslarının yüksək genetik potensialı əmtəə kondisiyalarını dəqiq nizamlamağa imkan verir. İstehsalçıların bu və ya digər növün yetişdirilməsi zamanı tətbiq etdiyi sadə qaydalar var.

– Bu barədə ətraflı məlumat verə bilərsiniz?

– Broylerlər ənənəvi olaraq 38-42 günədək yetişdirilir. Bu müddət ərzində quş lazımi əmtəə kondisiyalarına, sümük və əzələ toxuması arasında əzələ toxumasının xeyrinə səmərəli nisbətə çatır. Axı istehlakçı üçün vacib olan məhz budur. Broylerlər kəsilməyə göndərilən zaman onların çəkisi 2.5.-2.8 kq olur. Əvvəl qeyd etdiyim Ross-308 növü genetik olaraq 30-35-ci günə 2-2.2 kq çəkiyə çatmalıdır. Piştaxtada çəkisi daha az olan eyni növü gördüyünüz zaman onun dərmanlardan istifadə etmədən yetişdirilən fermer cücəsi olduğunu düşünməyin. Bu o deməkdir ki, qarşınızda az yem verilən və ya kəsilməyə vaxtından əvvəl göndərilən tam inkişaf etməmiş orqanizm var. 35-ci gün 2 kq çəkiyə çatmalı olan, lakin cəmi 1.2 kq çəkidə olan cücə yemin az verildiyi və nəticədə artıq formalaşmış toyuqlarda olan zülal, vitamin, amin turşularını tam əmələ gətirə bilməyən degenerativ cisim sayılır.

– Əmtəə kondisiyaları barədə danışdınız… Yəni 1.2-1.4 kq çəkiyə malik broyler cəmdəkləri piştaxtada olmamalıdır?

– Çəkisi az olan cəmdəklər heç kim üçün sərfəli deyil: nə broylerlərin növünün genetik potensialını sonadək həyata keçirməyən istehsalçı, nə ət məhsuldarlığı aşağı olan məhsulu alan istehlakçı üçün. Bu gün Azərbaycanda istehlakçı çəkisi 1.2.-1.4 kq olan cəmdəkdə hormonlar olmadığı üçün onun daha sağlam olduğunu düşünür. Əvvəl qeyd etdiyimiz kimi, alıcı çəkisi çox olan cəmdəklərin hormonlarla, GMO ilə yetişdirildiyi, su ilə inyeksiya edildiyini hesab edir. Bu səhv fikirdir. Məhz çəkisi böyük olan cəmdəkləri yetişdirməklə istehsalçı istehsal prosesinin lazımi texnolojiliyi və təhlükəsizliyini təmin etmək, quşa içməli su və kombinasiya edilmiş yemlərlə preparat vermədən kəsilməyə 5 gün qalmış təmiz dövr təmin etmək imkanı əldə edir. Bütün texnoloji nüanslara əməl edərək böyük çəkidə cəmdəyin formalaşması çox çətindir. Bu quşçuluq kompleksi istehsalatının yüksək səviyyədə təchiz olunması və heyətin yüksək peşəkarlığını tələb edir. Əmtəə kondisiyaları isə istənilən istehsal sahəsində mövcuddur.

Sadə misal göstərim: böyük almaları yetişdirməklə müqayisədə balacaları yetişdirmək daha asandır. Böyük almaları yetişdirmək daha çox xərc tələb edir və daha çətindir.

Onlar daha bahadır, əmtəə görünüşü isə daha cəlbedicidir.

Sözsüz ki, aşağı çəkili broylerlərin xüsusi yetişdirmə texnologiyaları mövcuddur. Lakin koksidiostatik və antibakterial preparatlardan istifadə etmədən xüsusi texnologiya ilə yetişdirilən 1.2.-1.4 kq çəkiyə malik cəmdək istehlakçı üçün daha baha olmalıdır. Bu xüsusi bioməhsullar niş bazarıdır. Bu gün dünyada broylerlərin ən çox istifadə olunduğu ABŞ-da ticarət şəbəkələrinin piştaxtalarına baxsaq görərik ki, broyler cəmdəyinin çəkisi 1.8-2.5 kq arası təşkil edir. Böyük cəmdəklərə tələbat çoxdur çünki onların ət məhsuldarlığı yüksəkdir.

– Yəni alıcı yüksək miqdarda böyümə hormonları istifadə olunduğu üçün toyuğun çəkisinin çox olduğunu düşünməməlidir?

– Xeyr. Biz broylerlərin yetişdirilməsi üçün böyümə hormonlarının istifadə olunmadığını əminliklə deyə bilərik. Qısa yetişdirmə müddəti ərzində böyük çəkiyə yalnız quşun genetik potensialı və yetişdirmə texnologiyaları sayəsində nail olunur. Lakin yetişdirmə zamanı lazım olduqda koksidiostatiklər, antibakterial preparatlar, sulfanilamidlər və s. istifadə olunur.

– Çoxları üçün fabrik toyuqlarının yetişdirildiyi şərait sirr olaraq qalır. Bu məsələyə aydınlıq gətirə bilərsiniz?

– Bu mövzuda deyə bilərəm ki, bu gün broylerlərin yetişdirilməsi çox mürəkkəb və yüksək texnoloji prosesdir. Broylerlər döşəmədə, havalandırma, qızdırma, su və yem vermə, mikroiqlimə nəzarət sistemləri təchiz olunan quşxanalarda yetişdirilir. Broylerlərin yetişdirilməsi şəraitinə tələblər ilbəil artır. İstehsalçılar qoyulan norma və tələblərə maksimal səviyyədə əməl etməyə çalışır.

– Azərbaycanda quşçuluq bazarının gələcəyinə dair hansı proqnozlarınız var?

– Birmənalı olaraq deyə bilərəm ki, respublikada broyler əti bazarı fəal inkişaf edir, bu ətə olan tələbat artır. Bazarda bütün qoyulan tələblərə cavab verən və istehsal səviyyəsini artırmağa çalışan istehsalçıların olduğunu görə bilərik.

Necə deyərlər, “sağlam bədəndə sağlam ruh olar”.

Ekspert Boris Gennadiyeviç Belenkiy ilə söhbətimizdən qida məhsullarının tərkibi və xassələrinin sağlamlıq, fiziki inkişaf, əmək qabiliyyəti, emosional vəziyyət və ümumilikdə həyat keyfiyyəti və uzunömürlülüyə bilavasitə təsir göstərdiyini deyə bilərik. İnsan orqanizminə bu cür ciddi təsir göstərən başqa amil tapmaq çətindir.

Buna görə də oxucuları etibarlı istehsalçılara müraciət etməyə və rasionlarına yalnız orqanizm üçün sağlam və faydalı qida məhsullarını əlavə etməyə çağırırıq./big.az/

COP29