2022-ci il yadda bahalaşma ilə qaldı. Xüsusilə ərzaq məhsullarının qiymətindəki bahalaşmanın səbəbləri arasında obyektiv və subyektiv amillər dayandı. İl ərzində qiyməti bahalaşmayan yeganə məhsul toyuq əti və yumurta oldu desək, yanılmarıq. Statistika göstərir ki, bu məhsulların qiymətində cüzi artım olsa da, sonradan hətta əvvəlki qiymətlə müqayisədə bir qədər də ucuzlaşma qeydə alındı. Prosesin bu istiqamətdə getməsinin səbəblərindən biri də Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) fəaliyyəti oldu.
Yenicag.az xəbər verir ki, bunu assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənli AFN.az-a olan müsahibəsində qeyd edib.
– Mürvət bəy, ötən il qiyməti bahalaşmayan yeganə məhsul toyuq əti oldu. Bu nəticə nəyin hesabına əldə olundu, bu il də vəziyyəti belə saxlamaq mümkün olacaqmı?
– Bəli, ötən il qiyməti bahalaşmayan məhsul toyuq əti və yumurta oldu. Bildiyiniz kimi, damazlıq yumurtanın qiyməti bir ədəd üçün 70 qəpik idi, bu il 55-60 qəpik civarındadır. Soyudulmuş 1 kq toyuq ətinin qiyməti əvvəlki il 5-5.50 manat civarında idisə, indi 4-4.50 manat arasındadır. O cümlədən süfrə yumurtasının topdansatış qiyməti bir ədəd üçün 19 qəpik idi, indi 15-16 qəpikdir. Bu sahədə də qiymət artımı olmadı. Bu da ancaq rəqabət nəticəsində mümkün oldu. Bazarda böyük rəqabət var, biz də böyük partiyalarla məhsul çıxarırıq bazara. Üstəlik, ən vacib məsələ cənab Prezidentin yürütdüyü iqtisadi siyasətin nəticəsidir. Zaman-zaman qəbul olunan dövlət proqramlarının artıq 2022-ci ildə biz nəticəsini gördük.Cənab Prezident 2016-cı ildə bildiyiniz kimi, kənd təsərrüfatının inkişafına dair yol xəritəsini təsdiqlədi,\, o sənəddə bu məqamlar özəlliklə göstərilmişdi. Ötən il də qiymətin əsas düşmə səbəblərindən biri yem məhsullarının ucuzlaşması idi.
– 2022-ci il quş əti və yumurta istehsalçıları üçün necə keçdi: istehsalı genişləndirmək, xarici bazarlara çıxmaq planlarınız vardı – reallaşdımı? Xaricə çıxa bilən istehsalçı varmı?
– 2022-ci il quş əti və yumurta istehsalçıları üçün çox məhsuldar keçdi. Biz bu gün fəxrlə deyə bilərik ki, ötən il respublikada süfrə yumurtası istehsalı tələbatın 120-130 faizinin üzərində oldu. Xarici bazarlara, xüsusilə Yaxın Şərq ölkələrinə, Qətərə, Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına, İraqa, Əfqanıstana çıxışlarımız oldu. Yaxın zamanlarda İsrailə və Belçika krallığına süfrə yumurtasının satışını reallaşdıracağıq. Damazlıq yumurta istehsalına gəldikdə, yəqin ki, 2023-cü ilin sonlarına 100 faizin üzərində olacaq. Bu sahədə Rusiya, Qazaxıstan və Türkmənistan bizdən damazlıq yumurta istəyir, güman ki, onu da reallaşdıracağıq. Toyuq əti ixracı ötən il az oldu, düşünürəm ki, bu il bu istiqamətdə irəliləyiş olacaq.
Artıq bildiyiniz kimi, ötən il bir sıra qərarlar alındı. Ölkə başçısı tərəfindən soya şlotunun idxalında ƏDV-nin götürülməsi, yem və yem əlavələrinə ƏDV-nin və gömrük rüsumunun qaldırılması quş ətinin ucuzlaşmasına səbəb oldu. Nəticədə 2021-ci illə müqayisədə toyuq əti və yumurtanın satışında ucuzlaşma qeydə alındı. Yemin qiymətinin ucuzlaşması burda ən əsas səbəblərdən biridir. Biz bunu hər zaman deyirdik və cənab Prezident səsimizi eşidib, qərar verdi.
– Ötən ilin sonlarında hökumətə müraciət etmişdiniz – damazlıq yumurta və 1 günlük cücə idxalının qarşısının alınması barədə. İdxalın tam dayandırılması sizə nə verəcək? Azərbaycanda yerli istehsal bu iki məhsula olan tələbatı tam qarşılayırmı? Bir də idxalın tam dayandırılması inhisarçılıq yaratmayacaq ki?
– 2022-ci ildə biz dəfələrlə hökumətə müraciət etdik ki, kəsim məqsədli birgünlük cücə və damazlıq yumurta idxalının qarşısı alınmalıdır. Bu, ilk növbədə onunla bağlı idi ki, birgünlük cücələrdə müxtəlif xəstəliklər gəlir ölkəyə. İkincisi, bizdə fərqli vaksinasiya proqramları olduğu üçün xaricdən gələn cücə və yumurtalar bizə fərqli problemlər yaradır. Bizim tətbiq etdiyimiz vaksinlər qonşu ölkələrdə yoxdur, yaxud müəyyən dərman preparatlarının istifadəsinə icazə onlarda var, bizdə yoxdur. Bütün bunlarla bağlı biz dəfələrlə müraciət etmişdik. 2018-ci ildə bu istiqamətdə gömrük rüsumu artırıldı, daxili bazarı qorumaq üçün addım atıldı. Amma bundan istifadə edən işbazlar Gürcüstanda “iş quraraq” bu “problemi” də həll etdilər. Xüsusilə “Sabudari” və “Hastavuk” firmaları Türkiyədən yumurta, cücə alır, dərhal da Bakıya göndərirlər. Yaxud Türkiyənin “Hastavuk” firması Gürcüstanda kiçik müəssisə quraraq bizim bazarı “vurmağa” başlayıb. Bununla bağlı da aidiyyəti qurumlara məlumat vermişik, amma hələ heç bir cavab yoxdur. Yalnız Qida Təhlükəsizliyi Agentliyindən bir-iki dəfə zəng ediblər, başa düşürəm ki, bu işin üstündə işləyirlər. Gömrükdə görüşlərimiz oldu, ondan sonra ordan gələn cücənin ucuz keçirilməsinin qarşısını ala bildik, amma bu da çox çətinliklə oldu. Bu sahədə problemlər hələ durur. İdxalın qarşısının alınması bizdə inhisarçılıq yaratmayacaq.
– Niyə belə əminsiniz?
– Çünki bizdə bu sahədə fəaliyyət göstərən kifayət qədər böyük fabriklər var. Damazlıq sektorunda 4-5 dənə böyük fabrik var. Hansı ki, onlar keyfiyyətli məhsul rəqabətindədirlər ki, məhsulları satılsın. Onlar çalışırlar ki, məhsullarını sata bilsinlər, ziyan etməsinlər. Nə ət, nə damazlıq yumurta, nə də süfrə yumurtası istehsalında heç bir inhisarçılıq yarana bilməz. Çünki bu sahələrdə ciddi rəqabət var.
– Quşçuluqda istifadə olunan yem və yem əlavələrinin idxalının ƏDV-dən azad olunması müddəti yanvarın 1-dən bitməliydi. Siz bu müddətin artırılmasını təklif etmişdiniz. Müddət artırıldımı? Vəziyyət necədir? Artırılmadısa, bunun quşçuların işinə və məhsuluna hansı təsiri olacaq?
– Biz 2022-ci il oktyabrın 11-dən bütün aidiyyatı qurumlara məktublar göndərmişik. Yem və yem əlavələrinin idxalının ƏDV-dən azad olunması müddəti bu il yanvarda bitib. Müddətin artırılmasını təklif etmişdik. Bu müddət hələlik artırılmayıb, Nazirlər Kabinetinin təsdiqləyəcəyi gözlənilir. 3 aydan artıq müddətdir müraciət etmişik. Müddət artırılmasa təbii ki, yemin qiyməti qalxacaq, buna paralel olaraq da quş ətinin qiymətinin 10 faizə qədər artması ehtimalı var. Bir kq ətin tərkibində yemin qiyməti 68-70 faiz rol oynayır.
– Bu il üçün quşçuların hansı planları var? Hansı problemlər var ki, həll etməyi hədəfləyirsiniz?
– Bu il quşçuların böyük planları var. Əsas hədəf həm damazlıq yumurtada, həm ət və digər məhsullar üzrə istehsalı 100 faizin üzərinə qaldırıb ixrac potensialımızı artırmaqdır. Yəqin ki, 2023-cü ildə həm damazlıq yumurtanın, həm ətin ixracı istiqamətdə qarşıya qoyulan məqsədə nail olacağıq. Hazırda bildiyim qədər, ətlə bağlı müqavilələr bağlanır, yaxın müddətdə ixraca başlayacağıq. İnşallah, mən düşünürəm ki, rentabelli bir il olacaq. Ona görə ki, 2022-ci ildə bilirsiniz, ÜDM 134 milyard manata çatdı. Bu göstərici ilk dəfə idi ki, qeydə alınırdı. Buna ixrac potensialımızı artırmaqla nail olmuşuq. Mən düşünürəm ki, quşçular da bu sahədə böyük rola malik olacaqlar. Bu sahədə əsas problemlər bizim yuxarıda sadaladıqlarımızdır, bu problemlərin aradan qaldırılması vacib məsələlərdən biridir.
– Siz həm də Qərbi Azərbaycan İcmasında aktiv fəaliyyət göstərirsiniz. Prezident açıqlama verdi ki, azərbaycanlıların Qərbi Azərbaycanda yaşadıqları kəndlərin çoxu boşdur hələ də və biz sülh yolu ilə oralara gedəcəyik. Sizcə, realdırmı belə gediş? Ermənistanla razılaşma əldə olunarsa, oralarda gedib yaşayanlar çoxmu olar?
– Bildiyiniz kimi, bir müddət əvvəl Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdü. Həmin görüşdə mən də var idim. Tədbirdən yüksək təəssüratlarla ayrıldıq. Görüşdən bir neçə nəticə çıxartmışam. Əvvəla, azərbaycanlıların deportasiyasından sonra Qərbi Azərbaycandakı real vəziyyət dərindən təhlil edilib, öyrənilib. Cənab Prezident də bu barədə məlumatlıdır və özü də qeyd etdi ki, hazırda orda faktiki yaşayış, həyat yoxdur. Qayıdış zamanı orada yaşayan ermənilərə heç bir problem yaratmayacağını da qeyd etdi. İkincisi, cənab Prezidentin kəndlərlə bağlı real vəziyyəti təqdim etməsi qayıdış istiqamətində praktik işlərə start verildiyini göstərdi. Qərbi Azərbaycan İcması ilə görüşdə vahid konsepsiyanın hazırlanması tapşırığını bizə verdi və artıq konsepsiya hazırlanıb təqdim edilib, mediada geniş müzakirə də edilib. Üçüncüsü, cənab Prezident heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik deməklə hədəfimizin utopik olmadığı mesajını bir daha verdi. Mövcud şərtlərlə Qərbi Azərbaycana qayıdış utopik görünə bilər. Hərçənd ki, 21-ci əsrin üçüncü on illiyində dəyişən geosiyasi mənzərə mümkün gözləntiləri də yaradır. Regional situasiyada 44 günlük müharibədə yaranmış reallıq Rusiya və İrana rəğmən Ermənistanın coğrafi olaraq Azərbaycan və Türkiyə arasında sıxılması perspektivini ortaya qoyub. Bu şərtlərlə azərbaycanlıların öz yurdlarına qayıdışının İrəvan qarşısında əsas tələblərdən biri kimi ortaya qoyulması imkanımız var. Cənab Prezident də bu gələcəyi nəzərə alaraq Qərbi Azərbaycan hədəfini mümkün perspektivlərə uyğunlaşdırıb. Biz inşallah, ora qayıdacağıq. Qərbi Azərbaycan bizim ata-baba torpaqlarımızdır. Babalarımızın ruhu bizim üçün darıxır, biz mütləq onların qəbrini ziyarət edib, doğma yurdumuza sahib çıxacağıq.