“Yeni inzibati binaların tikintisinə dövlət büdcəsindən kifayət qədər böyük vəsaitin ayrılması sadəcə, israfçılıqdır”.
Kənd Təsərrüfatı Nazirliyinin tikilməkdə olan inzibati binasının miqyası cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, əksər insanlar inzibati binanın yenidən qurulmasının əlavə xərc olduğunu və nazirliyin fəaliyyətinə heç bir təsir göstərməyəcəyini qeyd edib.
İqtisadçı Samir Əliyev Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin inşa olunan binasını Niderlandın analoji qurumunun yerləşdiyi bina ilə müqayisə edib:
“Niderland Avropanın ən böyük, dünyanın isə ikinci kənd təsərrüfatı ixracatçısıdır. Niderlanddakı nazirlik özündə 3 nazirliyin funksiyalarını birləşdirir; Kənd Təsərrüfatı, Təbiət və Qida Kefiyyəti Nazirliyi adlanır. Azərbaycanın kənd təsərrüfatını Niderlandla müqayisə etmək mümkün deyil, amma inzibati binamızı inşa edə bilərik”.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirib ki, dövlət qurumunun yerləşdiyi binanın miqyasından çox, onun içərisində görülən işin effektivliyi müzakirə mövzusu olmalıdır. Bu baxımdan, inzibati binanın forması elə də əhəmiyyət daşımır:
“Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyinin Bakıda deyil, Gəncədə yerləşməsi daha doğru olar”.
İnzibati binaların təmir edilməsi və yenidən qurulmasında korrupsiya amilinin rolu barəsində videomaterialdan tanış ola bilərsiniz:
Qeyd edək ki, bir neçə gün öncə Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. Nazir İnam Kərimovun da iştirak etdiyi mərasimdə binanın eskiz layihəsi və modeli də nümayiş olunub. Yeni inzibati bina Xətai metrosunun yaxınlığında, Ağ Şəhər ərazisində yerləşir.
Ayan Ağayeva