“ABŞ prezidentinin belə bir imkanı yaranan kimi o, kürdlərə yüz səksən dərəcə arxa çevirdi”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində ABŞ-Türkiyə münasibətlərindəki yeni dinamikanı şərh edən Rusiyalı politoloq, Strateji Qiymətləndirmə və Proqnozlaşdırma Mərkəzi baş direktorunun müavini İqor Pankratenko deyib.
İqor Pankratenkonun sözlərinə görə, ABŞ rəhbərliyi Türkiyə ilə strateji münasibətlərin kürdləri dəstəkləməkdən daha vacib olduğunu, nəhayət, başa düşdü:
“Nəzərə alaq ki, Suriyadakı “kürd dilemması” Trampa Obamadan miras qalıb. Bəli, müəyyən mərhələdə kürdlər İŞİD-ə qarşı mübarizədə Amerikanın müttəfiqləri idilər və Bəşər Əsədə müsbət münasibətləri yoxdu. Eyni zamanda, bəzi nüfuzlu kürd klanlarının İsraillə münasibət qurmaq cəhdləri Ankara və Tehranda kəskin narazılıqla qarşılandı.
Ancaq bu məqam Vaşinqtondakı müəyyən dairələrə ABŞ-ın maraqlarına uyğun kombinasiyalar qurmaq üçün fürsət kimi göründü. Bir sözlə, “kürd kartı”ndan istifadə Obamanın çevrəsi üçün həm də Ərdoğana qarşı təhdid baxımından, cəlbedici görünürdü.
Ancaq proseslərin inkişafı göstərdi ki, ABŞ üçün Türkiyə ilə strateji müttəfiqliyin qorunması kürdlərin dəstəklənməsindən daha vacibdir. Fikrimcə, bunu Tramp daha əvvəldən başa düşürdü, ancaq Vaşinqtondakı antiTürkiyə dairələrin müqavimətini qırmağa çətinlik çəkirdi. Trampın belə bir imkanı yaranan kimi o, kürdlərə yüz səksən dərəcə arxa çevirdi.
Əlbəttə, bu qərar müəyyən tənqidlərə, hətta Brett Makqurkun timsalında istefalara, eləcə də Trampa yönəlik xeyli ittihamlara səbəb oldu. Ancaq kürdlərin incikliyi Amerikanı o qədər də qayğılandırmır. Hazırda Tramp üçün Türkiyə ilə münasibətlər daha vacib və zəruridir.
Hesab edirəm ki, “Kürdüstan” layihəsi Obamanın çevrəsində olan və demokratlara yaxın mövqedə dayanan təhlilçilərin “məhsul”udur. Bilirsiz, onlar kürdlərlə İran və Səddam rejiminə qarşı uğurla əməkdaşlıq etmişdilər. Düşünürdülər ki, kürdlərin müstəqil dövlət qurmaları bu əməkdaşlığın miqyasını və nəticələrini genişləndirə bilər. Ancaq kürdlərin “müstəqillik referendumu” ərəfəsində bu layihənin faydasızlığı, böyük risklər yaratdığı qəbul edildi. Ona görə də həmin layihə arxivə göndərildi”.
Qafqaz Ömərov