Tramp Avropanı HƏDƏLƏDİ – Kapitulyasiya üçün 3 həftə VAXT VERİLDİ

“Tramp Ukraynanın təbii sərvətlərinə göz dikib”

Bu sözləri Yenicag.az saytına müsahibəsində politoloq Elçin Xalidbəyli bildirib.

O, Tramp administrasiyasının Avropa Birliyinə Ukraynanın kapitulyasiyaya məcbur etmək üçün 3 həftə vaxt verməsini şərh edib:

“Tramp administrasiyası hazırda faktiki olaraq Rusiyanın tərəfdaşı kimi çıxış edir. Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına Rusiya tərəfindən yanaşır. Ona görə də hazırda Tramp hökumətinin təmsilçiləri ilk növbədə Ukraynaya ciddi şəkildə təzyiq göstərirlər. Hətta Tramp Ukrayna prezidenti Volodimor Zelenskini “diktator” adlandırmaqla Ukraynaya qarşı tutduğu mövqeyin nə qədər sərt olduğunu nümayiş etdirir. Eyni zamanda, ABŞ Ukraynanın təbii sərvətlərinə də göz dikib. Həmin təbii sərvətlərin ələ keçirilməsi uğrunda da mübarizə gedir. Bunun üçün Ukraynanın məğlub olması ilə bağlı sənədin rəsmiləşdirilməsinə ehtiyac duyur. Təbii ki, Ukraynanın məğlubiyyəti yalnız Ukrayna üçün deyil, eyni zamanda, Avropa Birliyi məkanı üçün də real təhlükə hesab olunur. Xüsusilə də Avropa İttifaqı dövlətlərinin Ukrayna savaşı dayandıqdan sonra təxminən 5 il ərzində Rusiyanın Aİ məkanına hərbi təcavüz etmək imkanları olacağını düşünürlər. Ona görə də hərbi büdcələrini artırmaq məcburiyyətində qaldıqlarını etiraf edirlər”.

Politoloq hesab edir ki, Tramp Avropa Birliyi ölkələrini Ukraynanın kapitulyasiyası üçün şantaj edir:

“Bu vəziyyətdən istifadə edən Tramp administrasiyası Aİ-ni faktiki olaraq şantaj etməyə başlayıb. AB-dən tələb edir ki, qurumun üzvü olan dövlətlər dəstəklədikləri Ukraynanı kapitulyasiyaya razılaşdırsınlar. Hələ ki bu məsələdə hansı nəticənin olacağını düşünmək sadəlövhlük olardı. Çünki, bu prosesin hələ uzun müddət davam edəcəyini proqnoz etmək olar. Tramp administrasiyası nə qədər plan qursa da, əsas müzakirə proseslərində müəyyən əngəllərin olduğu müşahidə olunur. Xüsusilə də Türkiyənin müzakirə prosesinə girməsi Tramp üçün ciddi problemlər yaratmaqdadır. AB-də çatların olduğu da müşahidə olunur. Xüsusilə də Fransa həmişəki kimi yumşaq dildə desək xəyanətkar vərdişlərini təkrarlamaqdadır. Emmanuel Makron Ukraynaya hərbi kontingent göndərməyəcəyini bəyan edib. Fransa bu bəyanatla öz ideyalarından geri çəkilir. Elə əvvəldən də məlum idi ki, Makron Fransa qoşunlarını Ukraynaya heç vaxt göndərməyəcək. Sadəcə AB-də liderlik görüntüsü yaratmaq üçün bu bir piar kampaniyasıdır. Son açıqlamasında da Makron bəyan edib ki, Ukrayna öz işğal olunmuş ərazilərini hərbi yolla geri qaytara bilməz, sülh sazişinə imza atmalıdır. Bu da Makronun Ukraynanı deyil, özünü siyasi karyerasını, maraqlarını düşündüyünü göstərir”.

“Qeyd edim ki, sonuncu bəyanatını Makron ABŞ-yə səfəri ərəfəsində verib. Ağ Evin yeni sahibi Donald Trampa xoş gəlmək, onunla görüşdə daha pozitiv qarşılanmaq üçün Makron növbəti dəfə öz xəyanətkar xislətini büruzə verib. Bütün bunlar onu göstərir ki, Aİ vahid məkan kimi siyasi iradə mərkəzinə çevrilməyi bacarmayıb. ABŞ və onun hərbi gücündən, iqtisadi potensialından böyük ölçüdə asılıdır. Tramp administrasiyasının Aİ-yə 3 həftə vaxt verməsi olduqca aşağılayıcı yanaşmadır. Həm də burda şantaj etmə məqamları da mövcuddur. 3 həftə ərzində Aİ Ukraynanı təslim olmağa məcbur edə bilməzsə, ABŞ qurumdan çıxacaq. Bu da o deməkdir ki, ABŞ bu qurumu hərbi müdafiəsindən məhrum buraxacaq. Aİ faktiki olaraq seçim qarşısındadır. Ya Ukraynanı təslim olmağa məcbur etməlidir ya da ABŞ hərbi kontingenti Avropadan çıxmaqla Rusiya qarşısında daha təhlükəli duruma düşməyi seçməlidir. Təbii ki, Aİ siyasi rəhbərliyində də geri çəkilmənin istisna olacağı gözlənilmir, onlar Amerika ilə anlaşmağa çalışacaqlar. Buna da rəsmi Kiyevin necə reaksiya verəcəyini yaxın vaxtlarda görəcəyik. Əsas məsələ Zelenski hakimiyyətinin öz mövqeyində daha israrlı dayanmasıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Yenicag.az