Tramp Bakıya gələ bilər – “Trump Tower”in açılışı üçün…

109674360-donald-melania-trump-news-large_trans++sZK1PK7LHghwVmGRwSE6gzr5VIZtIk6ysG1d_8zihSoElxan Şahinoğlu: “Tramp Türkiyəni yenidən qazanmaq üçün silahlı kürdlərə dəstəkdən vaz keçməli, həm də Gülən problemini həll etməlidir”

Beləliklə dünyanın super gücü olan ABŞ-da növbəti prezident seçkiləri baş tutdu. Gözlənildiyinin əksinə olaraq seçkilərdə Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəldi.

Görəsən onun prezidentliyindən nə gözləyə bilərik?

Yenicag.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Trampın prezident olması ilə də belə Vaşinqtonun siyasi sistemində hər hansı bir dəyişiklik olmayacaq: “Amerikalılar Klintonun yerinə ona görə Trampa üstünlük verdi ki, o sınanmamış siyasətçidir, onu yoxlamaq lazımdır. Çünki, Hillari Klinton nə qədər öndə görünsə də, dövlət katibi postunda xeyli yanlışlıqlara yol vermişdi. İŞİD terrorçu qruplaşması məhz Kllintonun dövründə yarandı, Liviyanın dağılması da onun “əsəri” idi. İndi Trampdan nələri gözləyə bilərik?

Amerikada oturuşmuş siyasi sistem var və bir çox hallarda seçilən prezidentlər  bu sistemin gedişaatına tabe olmaq məcburiyyətindədirlər. Bunu Trampa da şamil etmək olar.

Mümkündür ki, Tramp uğurlu iş adamı kimi Amerika iqtisadiyyatında, sosial sahədə və bank sektorunda nəsə uğur qazansın, ancaq eyni sözləri təhlükəsizlik və xarici siyasətə şamil etmək çətindir. Donald Tramp bəlkə bir sıra ölkəni xəritədə də göstərə bilməz. Ancaq Amerikanı yalnız prezidentlər idarə etmir. Dövlət Departamenti, Pentaqon, onlarla müşavir və onların hazırladıqları hesabatlar və yüzlərlə beyin mərkəzi–bütün bunlar prezidentlərin verəcəkləri qərarlara təsir edir. Əgər Amerikanın siyasi sistemi Krımın işalına və Suriyada Bəşər Əsəd rejiminə verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiyaların davamını diqtə edirsə, Tramp bunu gözardı edərək Putinlə asanlıqla dostlaşa bilməyəcək. Vaşinqton Tehranla nüvə razılaşmasına nail olmaq üçün uzun illər danışıqlar aparıb və İranın nüvə silahı əldə etmyəcəyinə dair zəmanət aldıqdan sonra bu ölkə ilə barışıb. Bu barış Amerikanın maraqlarına uyğundur. Ağ Evin yeni sahibi  həmin barışdan imtina edərsə bu Amerikanın ziyanına olacaq, çünki Tehran müqavilədən çıxmaqla nüvə silahı yaratmaqda sərbəst olacaq.

Donald Tramp Türkiyə üçün də qaranlıq qutudur.

Barak Obama prezident seçildikdən sonra müsəlman ölkələri sırasında ilk öncə Türkiyəni ziyarət etdi. Ankara ümid edirdi ki, məhz Obamanın dövründə Vaşinqtonla əməldə strateji əməkdaşlıq qurulacaq. Lakin bu baş  vermədi. Əksinə, indi iki məsələdə Obama administrasiyası Türkiyənin maraqları əleyhinə gedir. Vaşinqton Suriyadakı silahlı kürdlərə yardımını dayandırmayıb. Başqa bir tərəfdən, 15 iyul hərbi çevrilişini təşkil edən Fətullah Güləni ABŞ qorumaqda davam edir. Bunun nəticəsində Ankara Vaşinqtonun bölgədəki əsas rəqibi olan Kremlə yaxınlaşır. Tramp Türkiyəni yenidən qazanmaq üçün həm silahlı kürdlərə dəstəkdən vaz keçməli, həm də Gülən problemini həll etməlidir.

Azərbaycanla əlaqələrə gəldikdə, Obamanın prezidentliyi və Hillari Klintonun dövlət katibliyi dövründə ABŞ-Azərbaycan münasibətlərində irəliləyiş qeydə alınmadı. Tam əksinə, bu dövrdə Bakıda Amerikanın müxtəlif fondları və Konqresin maliyyələşdirdiyi “Azadlıq” radiosu qapandı, xarici qrantlara qadağa qoyuldu. Böyük ehtimalla Donald Tramp prezident seçildikdən sonra Bakıda inşası çoxdan tamamlanan “Trump Tower” binasının açılışı olacaq. Digər tərəfdən, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyə marağı yoxdur. Bu münaqişə Vaşinqton üçün son sıralarda yer alıb. Vaşinqton-Bakı münasibətləri yeganə olaraq enerji əməkdaşlığında müsbət tendensiyaya malikdir. Vaşinqton Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Bakıya hər cür dəstək verir, hətta bu məqsədlə Avropa İttifaqı dövlətlərində Azərbaycanın xeyrinə lobbiçilik fəaliyyəti aparır. Donald Trampın administrasiyası bu dəstəyi davam etdirəcək. Adətən respublikaçı prezidentlər geosiyasi amillərə önəm verirlər. Demək Tramp da bir respublikaçı kimi bu amildən çıxış edərək Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa üstünlük verməlidir.

Unutmayaq ki, Amerikanın siyasi sistemi Azərbaycanın ayaqları üstündə möhkəm dayanmasında, dünyəvi müsəlman ölkəsi kimi inkişafında, o cümlədən Rusiyanın və İranın mümkün təsirlərindən qorunmasında maraqlıdır. Bu Azərbaycanın da maraqlarına uyğundur. Ona görə də rəsmi Bakı Vaşinqtonun regional siyasətindən nə qədər narazı olsa da, balanslaşdırılmış xarici siyasət çərçivəsində Amerikanın yeni administrasiyası ilə əməkdaşlığın yollarını axtarmalıdır.

Elçin/Yenicag.az

COP29