“Bu gün dünyada gedən bütün proseslər ABŞ-dəki seçkilərə fokuslanıb və bunun nəticələrinə uyğunlaşdırılacaq”.
Bu sözləri Yenicag.az-a politoloq Mürtəza Bünyadlı deyib.
Siyasi təhlilçi “The New York Times” nəşrinin Ukraynanın hərbi əməliyyatları dayandırmaq və Rusiya ilə danışıqlara başlamağı planlaşdırması ilə bağlı yaydığı informasiyaya münasibət bildirib.
M. Bünyadlının fikrincə, son hadisələrdən sonra Donald Trampın prezident seçilməsi ehtimalı yüksək olduğundan sözügedən tendensiya dünyada daha çox hiss olunmaqdadır:
“Dünən Tramp administrasiyasında vitse-prezident postunu tutacaq Ceyms Devid Vins açıqlamasında bildirdi ki, əgər Donald Tramp seçilərsə, Rusiyaya deyil, əksinə, Çinə qarşı sərt siyasətini yürüdəcək. Hazırda Donald Trampın xarici siyasətində İrana və Çinə qarşı olan tezisləri Qərb mediasında açıq sezilir. Hətta Trampa sui-qəsdin İran tərəfindən törədildiyi də göstərilir. Təbii ki, Ukraynanın bu hadisələrdən özünü sığortalamaq, müəyyən müddət vaxt qazanmaq məqsədilə Rusiya ilə masaya oturması ehtimalı gözləniləndir. Onsuz da Tramp seçkidə qalib gələcəksə, Rusiya-Ukrayna məsələsi Trampın xarici siyasətində arxa plana keçəcək. Ön planda isə Çin və İran prioritet sayılacaq”.
Onun sözlərinə görə. Tramp administrasiyası Ukraynaya dəstəyini davam etdirəcək, amma Bayden hakimiyyətinin etdiyi formada deyil:
“Tramp belə bir bəyanatla da çıxış etdi ki, o, ABŞ prezidenti olanda Şimal Axınına imkan verməsə də, Bayden hökuməti bu siyasəti uğurla davam etdirə bilmədi. Hər nə qədər Donald Tramp Ukrayna məsələsi ilə bağlı Rusiya ilə yumşaq siyasət aparsa da, fikrimcə, Baydenin apardığı siyasətdən ciddi fərqi olmayacaq. Ola bilər ki, müəyyən danışıqlar aparılacaq və buna cəhd ediləcək ki, müəyyən zamana qədər Ukrayna vaxt qazansın və s.
Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya səfəri və Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanla bağlı təkliflərinin ortada olması əsas verir ki, bəli, bu ehtimallar var. Amma prezident seçkilərinə qədər Moskva ilə yaxınlaşmanın olacağını gözləmirəm”.
Rafi Müslümov