!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tramp dünyanı addım-addım nüvə müharibəsinə sürükləyir”

!Reklam – Yazi

Gələn il dünyanın beş münaqişə zonasından III Dünya müharibəsi başlaya bilər. Bu barədə müdafiə və milli təhlükəsizlik üzrə amerikalı mütəxəssis Robert Farli “The National İnterest” jurnalına müsahibəsində bildirib.

Ekspertin fikrinə görə, Türkiyənin Rusiya ilə yaxınlaşması və ABŞ-dan, Avropa İttifaqından məsafə saxlaması regiondakı qüvvələr balansını pozacaq. Bu da Suriya, İraq, İran, Balkanlar və Qafqazdakı situasiyaya təsir edəcək. Farlinin fikrincə, bu kontekstdə xüsusən Dağlıq Qarabağ münaqişəsi daha təhlükəlidir.

Görəsən amerikalı ekspert bu mövqeyində nə dərəcədə haqlıdır? Qarabağa görə yeni dünya müharibəsi başlaya bilərmi?

Politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmadan qalması və prosesdə çoxsaylı iştirakçının olması yeni dünya müharibəsinin başlanmasına rəvac verə bilər:

“III Dünya savaşının başlanmasına rəvac verə biləcək əsas səbəblər bilavasitə bəzi dövlətlərin çoxstandartlı fəaliyyətilə əlaqəlidir. Həmin dövlətlərin öz konstitusiyalarında və yaxud beynəlxalq səviyyədə qəbul olunan norma və prinsiplərə uyğun gəlməyən ikili standart səviyyəsində fəaliyyət göstərmələri üzündən hazırda dünyanın hər bir regionunda ya müharibə təhlükəsi ya var, ya da artıq müharibə gedir.

Məsələn: Şimali Koreya ilə ABŞ arasında nüvə müharibəsi təhlükəsi mövcuddur. Tərəflərdən heç biri geriyə çəkilmək fikrində deyil. Həmçinin, Şimali Koreyanı ABŞ-a qarşı qaldıran Çin və Rusiya kimi regional güclər də təhlükəsi var. Yaxın Şərqdə də 5 ildir ki, savaş gedir və onun bitəcəyi gün də hələlik, qeyri-müəyyən olaraq qalır. Ona görə ki, İŞİD terrorçularının İraq və Suriyada məhv edilməsinə rəğmən, ABŞ 2018-ci il büdcəsində PKK-nın qolu olan YPQ-PYD terrorçularına əlavə 500 milyon dollarlıq büdcə ayırıb. Bunun hansı anlama gəldiyi barədə hələlik ABŞ rəsmiləri ciddi bir açıqlama da verməyib. Belə ki, İŞİD-ə qarşı ən qızğın mübarizə dövründə, 2015-2016-cı illərdə Vaşinqton sözügedən kürd terrorçularına 400 milyon dollardan bir qədər artıq vəsait ayırmışdı. Savaşın bitdiyi bir dönəmdə isə həmin qüvvələrə daha çox vəsait ayırılır ki, bu da Ağ Evin heç də xoş olmayan niyyətlərindən xəbər verir. Bu kontekstdə ABŞ-a qarşı Rusiya, Türkiyə və İran kimi regional güclər durur. Bir sözlə, həll olunmayan çoxlu problemlər var ki, onların başında da məhz Dağlıq Qarabağ məsələsi dayanır. 25 ildir ki, münaqişənin həllilə məşğul olan ATƏT-in Minsk qrupu bacarsa da belə, heç bir vəchlə onu həll etmək istəmir. Yaxud da Azərbaycanın hesabına həll etmək istəyir ki, bu da hər an yeni bir regional savaşın başlanması təhlükəsini yaradır.

Bu kontekstdə Azərbaycan və Ermənistanda ciddi silahlanma prosesi baş verir. Həmin müasir silahlar da sadəcə, nümayiş etdirmək üçün alınmır. Münaqişə həll olunmadıqca həmin silahların hər an partlama ehtimalı çox böyükdür. Başlanma ehtimalı böyük olan həmin savaş da təkcə iki dövlət arasında olan savaşla məhdudlaşmayacaq. Ermənistanın Rusiya kimi havadarı var. Regional güc olan İran da həmin savaşa sadəcə, müşahidəçi statusunda yanaşmayacaq və prosesə qoşulacaq. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə də ona qatılmaq məcburiyyətində qalacaq. Belə bir toqquşmanın başlayacağı təqdirdə, o, artıq iki dövlət arasında olan müharibədən çıxıb, qlobal savaşa çevrilmə təhlükəsilə üzləşəcək. Çünki Türkiyə hər bir halda NATO ölkəsidir. Ayrıca NATO ilə Moskva arasında ciddi qarşıdurma yaşanır. NATO Rusiyanı üzük qaşı kimi əhatəyə aldığından, Moskva ciddi təhlükə hiss edir. Bütün bunların müqabilində III dünya müharibəsinin baş verməsi təbii ki, an məsələsidir. Bu, Şimali Koreya ABŞ, Yaxın Şərqdəki qarşıdurmalar, habelə postsovet məkanında mövcud olan Dağlıq Qarabağ, Ukrayna torpaqlarının Moskva tərəfindən işğalı fonunda yaşanan münaqişələr çərçivəsində də baş verə bilər. Dünya elə bir təhlükəli həddə gəlib çatıb ki, bir həftə sonraya nisbətdə hər hansı proqnoz verməyin özü belə çətinləşib. Ona görə də III Dünya savaşının nə zaman başlayacağı haqqında konkret proqnoz vermək çətindir. Ancaq bu təhlükə realdır. Bu baxımdan zənn edirəm ki, dünya dövlətləri, xüsusilə qlobal beynəlxalq təşkilatlar təhlükənin sovuşması istiqamətində real olaraq düşünməlidirlər.

ABŞ kimi hegemon bir ölkədə siyasətdən başı çıxmayan, hansısa maliyyə və qlobal güclərin sifarişilə qərar verə biləcək Tramp kimi administrasiyanın mövcudluğu III Dünya savaşının başlanması üçün ən böyük səbəblərdən biridir. Bunu qətiyyən göz yummaq olmaz”.

ELÇİN

www.yenicag.az

1704
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv