Vaşinqtonda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp tərəfindən qəbul olunub. Hansı ki, bu görüşdə ikitərəfli münasibətlərlə bağlı mühüm təmaslar qurulub. Görüşün nəticələrini dəyərləndirmək üçün ekspertlərə müraciət etdik.
Siyasi şərhçi Azər Həsrət Yeniçağ.az-a açıqlamasında Tramp-Ərdoğan görüşünü pozitiv görüş kimi dəyərləndirdi:
“Ərdoğanın Trampla görüşməsi əslində, çox əhəmiyyətli bir hadisədir. Çünki Tramp prezident seçildikdən sonra elə də çox ölkə başçıları ilə təmasda olmayıb. Faktiki olaraq bu günə qədər ancaq bir neçə ölkənin rəhbərini qəbul edib. Onların içində Ərdoğanın da olması artıq Türkiyə və onun liderinin əhəmiyyəti və nüfuzundan xəbər verir. ABŞ əhəmiyyətli bir dövlətdir, qlobal gücə sahibdir. İstənilən halda onunla müəyyən məsələlərdə ortaq məxrəcə gəlmək vacibdir.
Trampın bu mənada Ərdoğanı qəbul etməsinin özü mühüm hadisədir. İlkin olaraq belə proqnozlar səslənirdi ki, Tramp Ərdoğanın PKK və Gülənlə bağlı mövqeyinə zidd hərəkət edəcək. Amma müşahidə etdik ki, Tramp Ərdoğanın bu istiqamətdə səsləndirdiyi fikirlərə çox dözümlü yanaşdı və Türkiyəyə hərbi yardımı daha da artıracaqlarını özəlliklə vurğuladı. Bu isə o deməkdir ki, Türkiyənin terrorla mücadiləsində Tramp administrasiyası öz sözünü sonadək demək əzmindədir. Gülən məsələsində də Tramp tərəfindən proqnozlaşdırılan sərt reaksiyanı görmədik. Bu məsələdə Tramp tərəfindən yumşaq və bizim üçün uyğun bir reaksiya verildi.
Bu o deməkdir ki, ABŞ-ın yeni administrasiyası Türkiyə rəhbəri Ərdoğanı kifayət qədər ciddi bir dövlət başçısı kimi qəbul edir. Ərdoğanın regionda yeri və rolunu ciddi dəyərləndirir və gələcəkdə də Ankaraya dəstəyini davam etdirəcək. Görüş ümumilikdə həm Türkiyə, həm də bizim üçün pozitiv görüş kimi dəyərləndirilə bilər”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin eksperti Nazim Cəfərsoy isə bildirdi ki, Türkiyə tərəfi görüşü “tarixi görüş” kimi dəyərləndirib:
“ Sözügedən səfər ABŞ-Türkiyə münasibətlərinin gələcəyi baxımından çox dəyərlidir. Tramp bildiyiniz kimi, bu görüşdən öncə PKK-nın Suriya qanadı PYD-yə ağır silahların verilməsilə bağlı qərar imzalamışdı. Bu da Ankarada haqlı narahatçılığa səbəb oldu. Bu iki amil fonunda Ərdoğan -Tramp görüşü mühüm əhəmiyyət kəsb etdi. Prezidentlər arasında olan ikili görüş cəmi 20-22 dəqiqə çəkdi. Bu intervalda olan görüş isə ciddi məsələlərin müzakirəsi baxımından çox azdır. Belə qısa zaman kəsiyində olan görüşdə hər iki tərəf ancaq öz mövqelərini ifadə etməklə kifayətlənə bilərdilər. Yəni bu təmasda fikir mübadiləsinə demək olar ki, yer qalmayıb. Türkiyə ilə ABŞ arasında PYD-yə ikincinin dəstək olması və Gülənlə bağlı ciddi problemlərin olduğunu nəzərə alsaq, qısa çəkən təkbətək görüşün məhsuldar olmadığını düşünürəm. Heyətlərarası görüş isə nəzərdə tutulduğundan çox davam etdi və burada həqiqətən də ciddi müzakirələr oldu.
Düşünmək olar ki, həm PYD, həm də FETÖ ilə bağlı məsələlər müzakirə predmeti olub. Son olaraq, mətbuat konfransında verilən açıqlamalardan hiss etdim ki, Türkiyə öz mövqeyini daha sərt, kəskin və daha açıq şəkildə ifadə etdiyi halda, Tramp daha ümumi ifadələrdən yararlandı, Ankaranı təriflədi. Türkiyəni PKK və İŞİD-lə mübarizədə dəstəklədiyini dedi. Amma bunlar ümumi açıqlamalardır. ABŞ iddia edir ki, PYD PKK deyil. Bu müzakirələrdən də böyük nəticələr çıxacağını düşünmürəm. Mahiyyət etibarı ilə ABŞ-Türkiyə münasibətlərində heç nə dəyişməyəcək. Amma ola bilsin ki, üslubla bağlı müəyyən həmlələr gerçəkləşsin, daha yumşaq üslubdan istifadə edilsin.
ELÇİN
Yeniçağ.Az