Tramp mitinqdə 20 dəqiqə mikrofonsuz qaldı – Namizəddən məhkəmə hədəsi

 

ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçki kampaniyasının 20 dəqiqəsi ərzində işlək mikrofonsuz qalıb, bundan sonra o, avadanlıqların kirayəsi şirkətinə pul verməyəcəyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.

Hadisə Detroitdə Trampın seçki kampaniyası zamanı baş verib. Namizəd tarif siyasəti ilə bağlı çıxışının ortasında olanda qəfildən mikrofon xarab olub. Trampa başqa mikrofon verilib, lakin bu, vəziyyəti dəyişməyib.

Mitinq iştirakçıları alqışlarla cavab veriblər və Tramp səhnəni gəzib və texniki qrup problemin səbəbini araşdırarkən arabir zümzümə edib.

Təxminən 20 dəqiqə sonra səs yenidən bərpa olunanda Donald Tramp çıxışına bu hadisəyə görə avadanlığın kirayəsi şirkətinə pul verməyəcəyini söyləməklə başlayıb. “Və sonra belə bir hekayə olacaq ki, Tramp podratçıya hesabı ödəməyib. Bu lənətə gəlmiş şirkətə qarşı məhkəməyə müraciət edəcəyəm”, – o əlavə edib.

Donald Trampın texniki nasazlıqlara görə bu cür təhdidləri ilk dəfə deyil, lakin onların necə başa çatdığı dəqiq məlum deyil. Nəşrin qeyd etdiyi kimi, 2016-cı il kampaniyasından bəri Trampla işləyən yüzlərlə podratçılar maaş almadıqlarından şikayətləniblər.

 

Rafi Müslümov

COP29