!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp müttəfiqlərini rəqibə çevirir: Almaniya və Fransa da “antiAmerika triosu”na qoşulur

!Reklam – Yazi

ABŞ-ın sərt sanksiyalarına məruz qalan Rusiya, İran və Türkiyə prezidentləri gələn ay Tehranda görüş təyin etməklə Ağ Evə meydan oxudular.

Vaşinqtonun diqtə siyasətinə tabe olmadıqları üçün ABŞ-ın “iqtisadi müharibə” elan etdiyi Rusiya (Vladimir Putin), Türkiyə (Rəcəb Tayyib Ərdoğan) və İranın (Həsən Ruhani) dövlət başçıları yaranmış vəziyyətdə addımlarını uzlaşdırmaq məqsədi ilə sentyabrın 7-də Tehranda bir araya gələcəklər.

Bu barədə yayılan rəsmi məlumatlarda prezidentlərin Tehran gündəliyində əsas müzakirə mövzusunun Suriyadakı mövcud vəziyyət olduğu qeyd edilsə də, üç ölkə liderinin digər mühüm məqamlar ətrafında da məsləhətləşmələr aparacağı şübhəsizdir.

Hər halda, ABŞ-ın getdikcə sərtləşdirilən sanksiyalarına məruz qalan adıçəkilən ölkələrin liderləri ilk növbədə üzləşdikləri siyasi-iqtisadi təzyiqlərin təsirini azaltmaq üçün birgə çıxış yolu axtaracaqlar.

O baxımdan, Tehran görüşünün Rusiya-Türkiyə-İran üçtərəfli münasibətlərini daha da möhkəmləndirəcəyi gözlənilir. Təbii ki, dövlət başçıları ABŞ-ın artan basqısını birgə səylərlə dəf etməyin mümkünlüyünü tam ciddiliyi ilə başa düşürlər.

Ümumiyyətlə, dövlət başçılarının görüşünün Moskva və ya Ankaraya deyil, məhz Tehrana təyin edilməsi “antiAmerika triosu”nun Ağ Evə meydan oxuması kimi də qiymətləndirilə bilər.

Çünki Rusiya və Türkiyə son bir neçə ildə ABŞ-ın hədəfinə tuş gəlsə də, İran təqribən 40 ildir Qərbin aramsız sanksiyalarından əziyyət çəkir. Barak Obama iqtidarının son dönəmlərində sanksiyalar nisbətən yumşaldılsa da, Donald Trampın hakimiyyətə gəlişindən sonra Vaşinqtonla Tehran arasında əldə edilmiş bütün razılaşmalar, o cümlədən nüvə anlaşması ləğv olundu. Nəticədə ABŞ-la İran arasında müharibə vəziyyəti yenidən bərpa edildi və İslam Respublikasına qarşı sanksiyalar mümkün olan qədər sərtləşdirildi.

Ancaq ötən dövrlərdən fərqli olaraq, bu dəfə İran ABŞ qarşısında tək deyil. Ağ Evin tədricən özünə düşmən etdiyi Rusiya və Türkiyə də bu şəraitdə İranın təbii müttəfiqlərinə çevriliblər. Miqyası situasiyaya adekvat qaydada genişlənən ortaq maraqlar Rusiya, Türkiyə və İranı ABŞ-a qarşı eyni cəbhədə qərarlaşdırıb. Bütün bunları nəzərə aldıqda, prezidentlərin Tehran görüşünün nəticələri böyük əhəmiyyət daşıyır.

Əksər təhlilçilərin hesablamalarına gürə, iqtisadi qüdrətlərinə görə dünya ölkələrinin ilk 20-liyinə daxil olan Rusiya və Türkiyə kifayət qədər dayanıqlı ölkələr olmaqla yanaşı, onların dövlət başçıları da qəti siyasi iradəyə malikdirlər. Ciddi potensiala sahib olan İranın da Rusiya və Türkiyə ilə birgə formatda təmsilçiliyi bu ölkələrin ayaqda qalmaq imkanlarını xeyli artırır. Konkret desək, ABŞ tətbiq etdiyi sanksiyalarla özünə qarşı Vaşinqtonun iqtisadi diqtəsini qəbul etməyən ölkələrin güclü koalisiyasını formalaşdırıb.

Rusiya, Türkiyə və İranın ABŞ-a birgə müqavimət imkanlarının müzakirəsinə hazırlaşdıqları ərəfədə Amerika ilə Avropa İttifaqı arasında əsməyə başlayan “soyuq külək”lərin gücləndiyi diqqətdən yayınmır. “Köhnə dünya”nın iqtisadi-siyasi lokomotivləri sayılan Almaniya və Fransa rəsmilərinin son bəyanatları göstərir ki, Paris və Berlin artıq öz milli maraqlarını prezident Donald Trampın avantüralarının girovunda saxlamaq niyyətində deyillər.

Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mayrenin bu günlərdə səsləndirdiyi fikirlər Avropanın iqtisadi mənafelərinin təmin edilməsi istiqamətində ABŞ-ın iradəsinə zidd addımların atılacağını söyləməyə əsas verir:

“Biz Almaniya ilə birlikdə müstəqil Avropa üçün Fransa-Almaniya maliyyə mexanizminin yaradılmasını qərara aldıq. Bu mexanizm ABŞ-ın tətbiq etdiyi regiondankənar sanksiyaların qurbanı olmağımızı əngəlləyəcək”.

Le Mayre bu istiqamətdə fikirlərini daha konkret formada davam etdirib:

“Mən Avropanın vassal torpaq deyil, müstəqil qitə olmasını istəyirəm. Bu isə tam müstəqil maliyyə vasitələrinin olması anlamına gəlir. Hazırda belə vasitələrə malik deyilik”.

Bununla bərabər, Almaniyanın xarici işlər naziri Hayko Maas da ABŞ-ın hegemonluğuna qarşı kəskin fikirlər bildirib:

“Məqsədimiz müstəqil və güclü Avropanın olmasıdır. Biz ABŞ-dan asılı olmayan çoxqütblü dünya düzəninin tərəfdarıyıq”.

Göründüyü kimi, Avropa İttifaqının əsas dövlətləri artıq ABŞ-ın qərarlarını qeyd-şərtsiz qəbul etmək niyyətində deyillər və öz maraqlarını qorumaq üçün qəti addımlar atmağa hazırlaşırlar.

Əslində, Almaniyanın federal kansleri Angela Merkelin ötən həftəsonu Cənubi Qafqaz ölkələrinə səfəri də Avropanın bu regionda ABŞ-a güzəştə getdiyi mövqeləri geri qaytarmağa yönəlik hərəkətlənmə kimi də dəyərləndirilir. Diqqət edin, Merkel Tiflisdə açıq şəkildə bildirdi ki, Gürcüstanın yaxın illərdə NATO-ya üzvlüyü mümkün deyil.

Kanslerin İrəvan səfəri isə hər hansı müqavilənin imzalanmaması kontekstində sadəcə, statistik xarakter daşıdı. Onun Bakıda keçirdiyi görüşlər isə iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarının özünəməxsus “kəşfiyyat”ı sayıla bilərdi. Yəni bütün bu məqamlar Merkelin regiona gəlişinin gerçək səbəbləri barəsində müəyyən təəssürat yaradır: Avropa bölgədə iştirakını bərpa etmək və möhkəmləndirmək niyyətindədir.

Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, ABŞ-ın diqtə siyasətinə qarşı qəti və əks-addımlarla müqavimət göstərən Rusiya-Türkiyə-İran triosuna Avropa İttifaqı, o cümlədən, Çin və hətta Latın Amerikası ölkələrinin qoşulma ehtimalı çox yüksəkdir.

Digər ölkələr bir yana, ancaq Avropa İttifaqının ABŞ-ın avantürist siyasətinə qarşı açıq etiraza qalxması Vaşinqtonu düşündürməlidir. Müttəfiqlərin ard-arda itirilməsi heç bir halda uğurlu siyasətin nəticəsi ola bilməz.

A.Zeynalov

www.yenicag.az

2399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv