!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp Pakistanı da hədəfə aldı: “İslamabaddan tam itaət tələb olunur” – Ekspert  

!Reklam – Yazi

“ABŞ-ın Pakistana qarşı təzyiqləri artırması antiAmerika blokunu daha da genişləndirə bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın Pakistana 300 milyon dollar dəyərində illik hərbi yardımı azaltmasını və bunun Vaşinqton-İslamabad münasibətlərinə mümkün təsirini şərh edən polkovnik Şair Ramaldanov deyib.

Şair Ramaldanov hesab edir ki, ABŞ-ın Pakistana qarşı təzyiq siyasətinə keçməsi prezident Donald Trampın seçkiqabağı vədlərinin tərkib hissəsidir.

ABŞ-ın Pakistana hər il ayırdığı 300 milyon dollar həcmində hərbi yardımı azaltması İslamabadın kəskin etirazına səbəb olub. ABŞ-ın bu qərarına sərt reaksiya verən Pakistanın xarici işlər naziri Şah Mahmud bildirib ki, həmin vəsait Pakistanın regional təhlükəsizlik üçün xərclədiyi pulların çox kiçik hissəsidir:
“Buna Amerika yardımı demək doğru olmazdı. Pakistan regional təhlükəsizliyin təmin olunması üçün milyardlarla pul xərcləyir və ABŞ o vəsaitləri bizə qaytarmalıdır”.

Maraqlıdır ki, ABŞ Pakistana sözügedən hərbi yardımı azaltmaq haqqında qərarı dövlət katibi Mayk Pompeonun İslamabada səfəri ərəfəsində qəbul edib. Vaşinqtonda Pakistana yardımın azaldılmasını onun terror birləşmələrinin fəaliyyətinə imkan verməmək çağırışlarına məhəl qoymaması ilə əsaslandırsalar da, İslamabad bu ittihamı qəbul etmir.

Belə görünür ki, “dünya ilə savaş” siyasətinə üstünlük verən Donald Trampın növbəti hədəfi regionun və İslam dünyasının vacib ölkələrindən biri olan Pakistandır. ABŞ-Pakistan münasibətlərində yaranan gərginlik isə İslamabadın birmənalı şəkildə antiAmerika blokuna qoşulması və Vaşinqtonun Əfqanıstanla bağlı siyasətinin icrasına mane olmasına yol açır.

Mövzunu Yenicag.az-a dəyərləndirən polkovnik Şair Ramaldanov bildirib ki, ABŞ-ın bu qərarı Pakistanı adekvat qərarlar qəbul etməyə məcbur edə bilər:
“Hər şey Amerika üçün” prinsipini əsas götürən Donald Trampın bu dəfə öz təzyiqlərini Pakistana yönəltməsi təəccüblü deyil. Çünki Tramp seçkiqabağı vədlərində də bəyan etmişdi ki, Amerikanın beynəlxalq miqyasda xərclərini azaltmaq üçün ölkəni “artıq yük”lərdən xilas edəcək. Pakistana ayrılan illik 300 milyon dollar həcmində ABŞ yardımlarının dayandırılması bu yanaşmanın nəticəsidir.

Ancaq unutmaq olmaz ki, Pakistan nəinki sıradan bir ölkə deyil, hətta nüvə dövləti olaraq, ən azı regional proseslərdə çox ciddi təsir imkanlarına malikdir. Elə ABŞ-ın özü də regiona aid siyasətini əsasən, Pakistan vasitəsilə həyata keçirirdi. İndi isə Trampın strategiyası bu ölkələr arasında münasibətlərin gərginləşməsinə şərait yaradır.

Aydın məsələdir ki, yaranmış anlaşılmazlıq aradan qaldırılmasa, Pakistan bu məsələnin davamında ABŞ-la münasibətləri kəskinləşən dövlətlərin – Rusiya, Türkiyə və sair – yanında yer ala bilər. Mən bunu mümkün sayıram.
Eyni zamanda, bu çərçivədə digər variant da nəzərdən keçirilə bilər. Yəni Pakistanın ABŞ-dan aldığı yardımı itirməmək üçün Vaşinqtonla dil tapmağa cəhd göstərməsi də istisna deyil. Yəqin ki iki ölkə rəsmilərinin gözlənilən görüşlərindən sonra bu məsələlərə müəyyən aydınlıq gələcək”.

A.Zeynalov

www.yenicag.az

753
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv