Tramp-Putin görüşü ilə bağlı SÜRPRİZ MƏKAN – Məsələ Bakıda həll OLUNACAQ?

“Dünyanın diqqət mərkəzində olan Rusiya-Ukrayna müharibəsinin taleyinin məhz Azərbaycanda həll olunması ölkəmizin beynəlxalq siyasi arenada rolunun artdığını göstərərdi”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsinin həlli üçün hansı ölkənin vasitəçi ola biləcəyindən danışan politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ABŞ-də keçirilən seçkilərdə yenidən qalib olan Donald Tramp prezident fəaliyyətinə başladıqdan sonra Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyir:

“Hazırda isə əsas mövzu Rusiya-Ukrayna müharibəsi fonunda bu münaqişənin necə sonlandırılmasıdır. İndi elə bir vəziyyət yaranıb ki, qlobal media üçün əsas məsələ görüşün müzakirə mövzusundan çox dünya liderlərinin hansı ölkədə görüşəcəkləridir. Düzdür, İsveçrənin adı çəkilir, ancaq Türkiyə də iddialıdır. Çünki hər iki ölkənin Türkiyə ilə tərəfdaşlıq münasibətləri var. Eyni zamanda, bəzi nüanslar nəzərə alınarsa Azərbaycan da bu siyahıda ola bilər”.

“Ötən ay təyyarəmizin vurulması ilə bağlı hadisə bütün dünyanın diqqət mərkəzində idi. Hələ də məsələ öz həllini tapmayıb. Rusiya nə cinayətkarları cəzalandırmaqda, nə də kompensasiya ödəməkdə maraqlıdır. Əgər bu iki tələb yerinə yetirilərsə, Tramp və Putinin Bakıda görüşünə razılaşmaq olar. Dünyanın diqqət mərkəzində olan Rusiya-Ukrayna müharibəsinin taleyinin məhz Azərbaycanda həll olunması ölkəmizinin beynəlxalq siyasi arenada rolunun artdığını göstərərdi. Lakin təyyarə qəzası ilə bağlı tələblərimiz yerinə yetirilməyəcəksə, görüş üçün başqa yerin seçilməsi daha düzgündür”, – deyə o bildirib.

Nəsimi Ələsgərli