Tramp Rusiyanın boğazını buraxmır: “Amerika əsas sanksiyaları hələ tətbiq etməyib” – Hikmət Hacızadə

ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları yumşaltmaq niyyətində olmadığını bəyan edib.

Yenicag.Az xəbər verir ki, bu barədə Ağ Evin təmsilçisi keçirtdiyi brifinqdə danışıb:

“Biz Rusiyaya qarşı sanksiyaları yumşaltmayacağıq. Əksinə, həmin sanksiyaların daha da sərtləşdirilməsi imkanlarını dəyərləndirəcəyik”. Ağ Ev rəsmisi əlavə edib ki, prezident Donald Tramp sanksiyaların götürülməsi üçün nə lazım olduğunu Rusiyaya başa salıb.

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi ehtimalını Yenicag.Az-a şərh edən politoloq Hikmət Hacızadənin fikrincə, Vaşinqtonun Moskvaya təsir üçün kifayət qədər “ehtiyat variantları” var:

hikmet“Belə deyək, mən ABŞ-ın Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaları sərtləşdirmək niyyətinin əsaslı olduğunu düşünürəm. Yəqin ki, Rusiya əleyhinə sanksiyalar daha da sərtləşdiriləcək. Bunun baş verməməsi üçün Rusiya nəhayət, doğru-düzgün addımlar atmalıdır. Fikrimcə, ABŞ-la Rusiya bəzi məsələlərdə, misal üçün, Şimali Koreya ilə bağlı bir razılığa gəlsələr, o zaman sanksiyalar yumşaldıla bilər.

Mən hesab etmirəm ki, sanksiyaların sərtləşdirilməsi gözlənilən nəticəni verməyəcək. Əksinə, hətta indiki sanksiyalar da Rusiyanı xeyli zəiflədib, vəziyyətini ağırlaşdırıb. Sanksiyaların gücləndirilməsi Rusiyanı daha çətin vəziyyətə salacaq. Nəzərə alaq ki, ABŞ Rusiyaya qarşı əsas sanksiyaları, variantları hələ ehtiyatda saxlayır. Məsələn, beynəlxalq maliyyə əməliyyatlarının Nyu-Yorkdan idarə olunduğunu yada salsaq, bu zaman Rusiyaya qarşı tətbiq ediləcək maliyyə sanksiyası o ölkəni tam iflic edəcək. Ona görə də düşünürəm ki, Amerikanın Rusiya əleyhinə sanksiyalarının nəticəsi olacaq”.

A.Zeynalov
Yeniçağ.Az

COP29