Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ona qarşı sui-qəsd cəhdi həyata keçirilən Batlerə qayıdacağını və orada mitinq keçirəcəyini bildirib. Amerikalı milyarder və “SpaceX” şirkətinin rəhbəri İlon Mask isə ona dəstək üçün Pensilvaniyaya gələcəyini bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə Mask və Trampın “X”-dəki (Twitter) paylaşımlarında qeyd olunub.
Bir gün əvvəl Tramp sosial şəbəkədə oktyabrın 5-də Pensilvaniya ştatının Batler şəhərinə qayıdacağını və orada mitinq keçirəcəyini açıqlamışdı. O, bunun “tarixi” hadisə olacağını qeyd edib. Mask isə “Mən dəstək olmaq üçün orada olacağam!” paylaşımını edərək eks-prezidentə dəstək mesajları verib.
Xatırladaq ki, iyulun 13-də Batler şəhərində seçki kampaniyası zamanı Trampın həyatına sui-qəsd olub. Belə ki, dünya mediasında rezonans yaradan hadisə ABŞ-də zorakılığın mümkün artımı ilə bağlı qorxuları artırıb və siyasətçinin müdafiəsini təmin edən təhlükəsizlik xidmətləri ilə bağlı araşdırmalara səbəb olub.
ABŞ xüsusi xidmət orqanları Trampı kampaniyasında açıq havada və izdihamlı böyük mitinqlər və digər tədbirlər planlaşdırmaqdan çəkinməyi tövsiyə edib. Bundan öncə isə sentyabrın 15-də Tramp Floridada olarkən qolf klubunun yaxınlığında atışmanın baş verməsi ilə bağlı informasiyalar yayılmışdı. Respublikaçılar bunu prezidentliyə namizədə qarşı ikinci sui-qəsd aktı kimi qiymətləndirmişdilər.
Rafi Müslümov