“ABŞ-nin keçmiş prezidenti Donald Trampın xarakteri və siyasət tərzi onun sələfi Co Baydenlə müqayisədə fərqlidir. Azərbaycan Prezidenti də vurğulayıb ki, Trampın birinci prezidentlik dönəmində Azərbaycan-ABŞ münasibətləri baxımından heç bir problem yaşanmayıb. Trampın siyasətində konkretlik və nəticəyönümlülük üstünlük təşkil edir ki, bu da onun iş adamı olmasından irəli gəlir”.
Bu sözləri Yenicag.az-la söhbətində politoloq Azər Hüseynov deyib.
Siyasi təhlilçi Donald Trampın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı tutacağı mövqeni şərh edib.
Xatırladaq ki, “The Wall Street Journal” nəşri bununla bağlı yazıb ki, Trampın Azərbaycan və Ermənistan arasında sülh anlaşmasını təmin etməsi və bu münaqişə dəftərini tamamilə qapatması üçün qızıl şansı var.
Proseslərə analiz edən A. Hüseynov isə əmindir ki, Baydenin xarici siyasət xətti daha çox Avrasiya məkanında münaqişələri, xüsusilə Ukrayna məsələsini və digər qlobal problemləri qabartmağa yönəlib:
“Trampın yanaşması fərqlidir, çünki o, daha çox praktiki və nəticəyönümlü yanaşmaları ilə seçilir. Onun biznes mənşəyi qərarlarında çeviklik və məqsədəuyğunluğu ön plana çıxarır. Əgər Tramp yenidən hakimiyyətə gələndən sonra ABŞ ilə Azərbaycan arasında normal münasibətlər qurulsa, bu, regional məsələlərə də müsbət təsir edə bilər. Əgər Tramp söylədiyi kimi, ABŞ-Rusiya münasibətlərini gərginlikdən çıxararaq sabitliyə gətirə bilsə, regiondakı maraq dairələrinin müvəqqəti bölüşdürülməsi ilə bağlı qarşılıqlı razılıqlar da əldə edilə bilər”.
Analitikin dediyinə görə, Vaşinqtonun İsrail-Fələstin münaqişəsi və Ukrayna-Rusiya müharibəsində tutduğu mövqe də Amerikanın öz resurslarını tükəndirdiyini göstərir:
“Bu münaqişələrdə uzunmüddətli iştirakı Amerikanın beynəlxalq imicinə təsir edib və anti-Amerika əhval-ruhiyyəsini gücləndirib. Tramp isə şəxsi avtoritetinə və praktiki yanaşmasına əsaslanaraq, bəlkə də bu münaqişələrdə daha konkret addımlar ata bilər. Trampın liderlik tərzi fərqli bir xüsusiyyətə malikdir: o, qərarlarına şəxsi nüfuzunu artırmaq prizmasından yanaşır. Əgər onun siyasəti Azərbaycanın maraqları ilə üst-üstə düşərsə, bu, iki ölkə arasında münasibətlərin inkişafına və regionda sabitliyin təmin olunmasına müsbət təsir göstərə bilər. Lakin Azərbaycan-Ermənistan münasibətləri kimi mürəkkəb məsələlərin həlli yalnız bir dövlətin və ya liderin iradəsi ilə mümkün deyil. ABŞ-nin geosiyasi sərhədlərinin məhdudluğu və regiondakı təsir imkanlarının nisbətən zəif olması bu məsələlərdə onun rolunu məhdudlaşdırır. Buna baxmayaraq, hər bir təsirli və iradəli lider, xüsusilə Tramp kimi praktiki yanaşmaları ilə fərqlənənlər bu cür məsələlərin həllində yeni perspektivlər yarada bilər”.
Rafi Müslümov