Reklam

Reklam

Türkiyənin keçmiş xarici işlər naziri və hakim partiyanın təsisçilərindən biri olan Yaşar Yakış ABŞ-da baş vermiş hakimiyyət dəyişikliyinin İranın nüvə proqramının perspektivinə təsirini dəyərləndirib.

Yeniçağ.Ru-nun xəbərinə görə, bu mövzuda Arabnews.com saytında xüsusi məqalə yerləşdirən Yaşar Yakış Donald Trampın prezident seçilməsindən sonra ABŞ-İran münasibətlərinin yenidən gərginləşəcəyi qənaətindədir.

2015-ci il iyulun 14-də İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa – arasında imzalanmış nüvə anlaşmasını xatırladan müəllif bu sazişin tərəflər üçün müəyyən çərçivələr müəyyənləşdirdiyini qeyd edib:

“Bu anlaşmanın ABŞ-da və İrandakı əleyhdarları ortadakı fikir ayrılıqlarını qabartmaq üçün çox da gözləmədilər. Beynəlxalq münasibətlərin qaydasına görə, imazalayan tərəflərin eyni dərəcədə narazı qaldıqları anlaşmalar daha uzunmüddətli olur. Ona görə də ümid edə bilərik ki, ABŞ-İran anlaşması Trampın iqtidar dönəmində də qüvvədə qalacaq”.

Müəllif qeyd edir ki, Trampın öz seçki kampaniyasında İranın nüvə proqramını azaltmaq hesabına milyardlarla dollar vəsait əldə etmək imkanı qazanması yolverilməzdir:

“Bu yanaşma sazişi imzalayan dövlətlər tərəfindən neqativ qarşılanmışdı. Tramp daha sonra başa düşdü ki, özünün seçkiqabağı vədlərinin hamısını yerinə yetirmək mümkün deyil. Ona görə də Səudiyyə Ərəbistanının kralı Salmanla telefon danışığında həmin sazişdən imtina olunmasından deyil, onun bütün müddəalarına dəqiq əməl olunmasından bəhs etmişdi”.

Keçmiş nazir İranın sözügedən sazişə riayət edərək, uranın zənginləşdirilməsi üçün müəyyən edilmiş 300 kiloqram həddini ciddi surətdə gözlədiyini, bu faktı MAQATE-nin də etiraf etdiyini yazıb:

“Həsən Ruhani prezident seçildiyi 2013-cü il seçkilərinin təbliğat kampaniyasında İran iqtisadiyyatını dirçəldəcəyini vəd etmişdi. O, bu vədini növbəti – 2017-ci ildə keçiriləcək seçkilərdə də təkrarlaya bilər. Hər halda, iqtisadiyyatın inkişafı siyasi mübarizədə daha çox xal qazandıracaq”.

Keçmiş nazir qeyd edib ki, İran indiki vəziyyətdə özünün nüvə proqramını genişləndirməyə tələsmir – çünki artıq nüvə texnologiyasını əldə edib və bu işi istənilən vaxt gerçəkləşdirə bilər. Müəllifin fikrincə, Tramp bu şəraitdə İranla imzalanmış sazişin ləğvinə cəhd göstərməməlidir:

“ABŞ-ın başqa vasitələri də var. Məsələn, BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların ləğvini nəzərdə tutan 2231 saylı qətnamə qəbul edib. Lakin ABŞ-ın İrana qarşı birtərəfli qaydada tətbiq etdiyi sanksiyalar, xüsusilə Tehranın beynəlxalq bank sisteminə çıxışını əngəlləyən məhdudiyyətlər qüvvədə qalır”.

Müəllif İranın geniş imkanlara malik müəyyən strukturlarının mövcud situasiyaya təsir imkanlarını da dəyərləndirib:

“İranın 125 min nəfərlik İslam İnqilabı Qvardiyası Korpusu rəsmən ordunun tərkibindədir və əsas funksiyası ölkənin Konstitusiya quruluşunu müdafiə etməkdir. Bu korpus özünün hərbi fəaliyyətindən başqa raket batareyaları, neft, qaz, neft-kimya və nüvə proqramları ilə məşğul olan nəhəng konqlomeratdır. Eyni zamanda, İranın milyardlarla qiyməti olan çox sayda strateji müəssisələri də bu korpusun nəzarətindədir. Onun təkcə tikinti biznesindən illik gəliri 12 milyard dollar təşkil edir. Həm də böyük iqtisadi subyekt olan Korpusun maliyyə qurumları ilə sıx işgüzar münasibətləri var ”.

Ancaq ABŞ bu korpusu terrorçu təşkilat elan edib. Ona görə də ABŞ-ın sanksiyalarına məruz qalmaq istəməyən beynəlxalq maliyyə institutları korpusla əməkdaşlıq edən İran bankları ilə tərəfdaşlıqdan çəkinirlər. Ancaq BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin qəbulundan sonra Obama administrasiyası bankları İranla əməkdaşlığa sövq edirdilər. Ancaq ABŞ-ın Maliyyə Nazirliyinin tərəddüdləri üzündən bu məsələ hələ də havada qalıb.
İronik məqamsa bundan ibarətdir ki, maliyyə qurumları İranın adıçəkilən korpusuna qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə problemlə üzləşirlər – əslində isə bu amil İŞİD-in Suriya və İraqda itkilər verməsinə təsir edir”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 63
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."