Tramp və Kim Çen In arasında görüş – Tarixi hadisə/FOTOLAR

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüş başa çatıb.

Görüşdə həmçinin Cənubi Koreya prezidenti Mun Çje İn də iştirak edib.

***

ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In iki ölkə arasında danışıqların bərpa edilməsi üçün komanda formalaşdırılması barədə razılıq əldə ediblər.

***

Şimali Koreya lideri Kim Çen In Amerika Prezidenti Donald Trampı KXDR paytaxtı Pxenyana səfərə dəvət edib.

Kim Çen In həmçinin ümid etdiyini bildirib ki, KXDR və ABŞ keçmişin bütün problemlərini həll edir və münasibətlərdə yeni səhifə açır.

“Mən Prezident Trampla birgə bütün gözləntiləri üstələyən nəticələrə nail olmaq istəyirəm”, – deyə bildirib.

***

ABŞ prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında görüş keçirilir.

Yenicag.az xəbər verir ki, Donald Tramp Kim Çen Inı Birləşmiş Ştatlara dəvət edib.

Qeyd edək ki, tərəflər arasında görüş Cənubi Koreya və KXDR arasında hərbsizləşdirilmiş zonada yerləşən Pxanmuncom danıqışlar məntəqəsində keçirilir.

KXDR lideri Trampın Şimali Koreya sərhədini rəmzi olaraq keçməsini tarixi hadisə adlandırıb.

***

10:40

İki ölkə lideri hərbsizləşdirilmiş zonada bir-biri ilə əl sıxıb.

Ardınca Tramp və Kim Çen In hərbsizləşdirilmiş zonanın Şimali Koreya tərəfinə keçiblər və Tramp KXDR sərhədini keçən ilk Amerika prezidenti olub.

O, bunu özü üçün şərəf adlandırıb. Daha sonra onlar danışıqlar aparmaq üçün birlikdə Cənubi Koreya tərəfə keçiblər.

Donald Tramp hərbsizləşdirilmiş zonaya səfərinin bir neçə ay əvvəlcədən planlaşdırıldığını deyib:

“Bu səfər bir neçə ay əvvəldən planlaşdırılıb. Biz G20 sammitini tərk etdik və mən sizin prezident və dostum Mun Çje İnə hərbsizləşdirimiş zonaya gedəcəyimə söz verdim”.

Amerika prezidenti bildirib ki, o, iyunun 29-da KXDR liderinə zəng etmək və bir-birini salamlamaq istəyib-istəmədiyini soruşmaq qərarına gəlib.

“Odur ki, o, əvvəlcədən bu barədə məlumatlı olmayıb”, — deyə Tramp bildirib.