!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp və Putin Ərdoğana görə güzəştə gedəcək?

!Reklam – Yazi

Bu həftə ərzində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə ABŞ-dan olan həmkarı Donald Trampla, ardınca da Rusiya dövlət başçısı Vladimir Putinlə telefonla danışıb. Bu fonda belə fikirlər səslənir ki, əslində, Ərdoğan ABŞ-la Rusiya arasında gərgin olan münasibətlərin normal məcraya gəlməsi üçün vasitəçilik edir. Bəzi mülahizələrə görə, ABŞ-ın Suriya məsələsində fəaliyyətini gücləndirməsi fonunda Ərdoğandan vasitəçi olmağı da Moskva xahiş edib.

Görəsən, Türkiyə prezidentinin bu xoş niyyətli missiyası necə  nəticələnəcək?

Yenicag.az-a açıqlamasında siyasi icmalçı Azər Həsrət bildirdi ki, Türkiyə prezidentinin ABŞ-la Rusiyanı barışdırmaq səyləri indiki mərhələdə nəticə verməsə də, bir müddət sonra  öz müsbət çalarlarını göstərməyə başlayacaq:

“Bəlli məsələdir ki, Suriya böhranı başlar-başlamaz Türkiyə də problemlə üz-üzə qaldı. Suriyadan qaçan kütlə ilk növbədə məhz Türkiyəyə üz tuturdu. Yəni Türkiyə istəməsə də belə, bu problemlə üz-üzə qalacaqdı və qaldı. Ankara əlbəttə ki, Suriya probleminin dinc yollarla həllinə üstünlük verirdi. Amma bu da mümkün olmadı. Çünki, ABŞ, sonradan isə Rusiya tərəfə çevrilərək birbaşa olaraq məsələyə müdaxilə etdilər.  Belə olan şəraitdə isə Ankara üçlü oynamağa məcbur oldu. Yəni həm özü oyunun içindədir, həm də digər tərəfdən Moskva ilə Vaşinqtonun maraqları Suriyada toqquşur. Bu səbəbdən də Türkiyə atdığı addımlarda ABŞ və Rusiya ilə koordinasiyalı şəkildə hərəkət edir. Bunu da ona görə edir ki, ABŞ və Rusiyanın Suriyada nəzarətlərində olan silahlı qüvvələr Türkiyənin özü  üçün təhdid yarada bilməsin”.

Azər Həsrət həmçinin Türkiyənin bölgədəki sabitliyi qorumaq üçün ABŞ və Rusiya ilə daimi müzakirələr apardığını deyib.

“Türkiyə bölgə ilə bağlı ABŞ və Rusiya ilə daimi müzakirələr aparır. Bundan da məqsəd odur ki, cərəyan edən proses Türkiyə dövlətinin maraqlarının zədələnməməsi ilə başa çatsın. Ərdoğanın Tramp və Putinlə telefon danışıqları aparması, mütəmadi olaraq məsləhətləşməsi də bununla bağlıdır. Üstəlik bu telefon danışıqlarının Trampla Putin arasında münasibətlərin gərginləşməsi fonunda baş verməsi həm də Ərdoğanın onlar arasında vasitəçilik missiyasını üzərinə götürməsindən xəbər verir. Türkiyəyə ABŞ-la Rusiya arasında münasibətlərin istiləşməsi sərf edir. Çünki bu münasibətlərin korlanması Ankara üçün əlverişli deyil. Çünki hər iki dövlət Türkiyə üçün vacibdir. ABŞ NATO-nun üzvü və Qərbin bir nömrəli dövlətidir. Rusiya isə son illər Türkiyənin çox yaxınlaşdığı və bir çox məsələlərdə ortaq hərəkət etdikləri tərəfdaşıdır. Ona görə də Ərdoğan ABŞ-la Rusiya arasında münasibətlərin normal məcraya qayıtmasında maraqlıdır”.

Bununla yanaşı o, bu vasitəçilik missiyasının gec də olsa, nəticə verəcəyini qeyd edib:

“Ancaq bu vasitəçilik missiyasının indiki mərhələdə nəticə verəcəyi mümkün görünmür.  Amma hər halda sürprizlər də gözləyə bilərik. Ərdoğanın şəxsiyyəti, Türkiyə dövlətinin nüfuzu da bu kimi məsələlərdə əlbəttə ki, öz rolunu oynayır. Onu da unutmayaq ki, Türkiyənin NATO-dan qopub Rusiyaya doğru meyllənməsi ABŞ-a sərf etmir. Eyni zamanda, Ankaranın Moskvadan  üz çevirib, birdəfəlik Qərbə meyl etməsi Rusiyaya da sərf etmir. Ona görə düşünürəm ki, Tramp və Putin Ərdoğanın vasitəçiliyi sayəsində əvvəl-axır müəyyən güzəştlərə gedərək, vəziyyəti normallaşdırmağa razı olacaqlar. Lakin bu bir qədər gec baş verəcək”.

ELÇİN

www.yenicag.az

3417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv