Tramp yenə MEYDAN OXUYUR: “Dünyanı müharibə meydanı kimi görür”

“Görünən odur ki, ABŞ prezidenti Donald Tramp dünyanı müharibə meydanı kimi görür. O, yalnız ABŞ-nin düşmənlərini deyil, dostlarını da hədəf alır və müxtəlif bəhanələrlə onlara qarşı aqressiv addımlar atır. Bu siyasət davam edərsə, ABŞ nə müttəfiqləri, nə də yaxın tərəfdaşları ilə güclü əlaqələrini qoruya biləcək və nəticədə beynəlxalq arenada təcrid olunmuş ölkəyə çevrilə bilər”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Elçin Xalidbəyli deyib.

Analitik ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəldiyi gündən etibarən radikal qərarlarının siyasi motivlərini şərh edib.

Onun sözlərinə görə, Tramp açıq şəkildə bəyan edib ki, onun məqsədi ABŞ-nin qlobal hegemonluğunu təmin etməkdir:

“O, bəzi çıxışlarında vurğulayıb ki, Amerika Birləşmiş Ştatları təkbaşına güc mərkəzi kimi qalmalıdır və bunun üçün hər cür mübarizəyə hazırdır. Lakin bu siyasət ABŞ-yə ciddi zərbələr də vura bilər. Məsələn, bəzi ölkələr artıq dollardan imtina etməyi planlaşdırır. Əgər bu baş verərsə, ABŞ-nin qlobal hegemonluğunun əsas dayaqlarından biri sarsıla bilər. Çünki dollar ABŞ iqtisadiyyatının və qlobal təsir gücünün ən həssas nöqtələrindən biridir”.

“Bundan əlavə, Trampın aqressiv siyasəti ABŞ-nin öz müttəfiqləri arasında da narazılıq yaradır. Əgər bu tendensiya davam edərsə, Vaşinqtonun beynəlxalq aləmdəki nüfuzu ciddi şəkildə zəifləyə bilər. Donald Trampın strategiyası eyni anda bütün dünya ilə savaşmağa bənzəyir. O, seçki kampaniyası zamanı Ukrayna müharibəsini dayandıracağını vəd etsə də, görünən odur ki, əslində, bütün dünyaya qarşı mübarizə aparmaq niyyətindədir. Bu siyasət isə ABŞ-nin maraqlarına xidmət etmək əvəzinə, ona ciddi problemlər yarada bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov