Tramp yoxsa Klinton üçün terror (?) – Şərh

 

trumpweddingNatiq Miri: “Bu terror hadisəsi Vaşinqtona İŞİD-ə qarşı daha aktiv fəaliyyətə keçməyə imkan verəcək”

Aqil Ələsgər: “Bu addım Klintonla Tramp arasında fərqi daha da açmaq üçün atılıb”

Xəbər verildiyi kimi, ABŞ-ın Orlando şəhərində terror hadisəsi baş verib. Bir nəfər geylərin yığışdığı gecə klubuna girərək 50 ölümə və 53 nəfərin yaralanmasına bais olub.

Qanlı aksiyanı həyata keçirdikdən sonra polislərlə atışmada öldürülən terrorçunun ABŞ vətəndaşı Ömər Mətin olduğu bildirilir. Məlum olub ki, Ömər Mətin terror aktını törətməzdən əvvəl İŞİD-ə sədaqət andı içibmiş. İŞİD də bu terror aktının özü tərəfindən törədildiyini etiraf edib.

Qeyd edək ki, 2001-ci ilin sentyabrın 11-də Əl-Qaidə terror təşkilarının ABŞ-da törötdiyi dəhşətli terror hadisəsi sonda Vaşinqtonun Bin Ladenin rəhbəri olduğu həmin terror təşkilatına qarşı hərbi əməliyyatlara başlamasına gətirib çıxardı. Nəticədə bu gün Bin Laden həyatda yoxdur, Əl-Qaidə isə mövcud olsa da, fəaliyyəti xeyli dərəcədə daralıb. Bu fonda Orlando şəhərində baş verən terror hadisəsi Vaşinqtonun 15 il əvvəl olduğu kimi yenidən və bu dəfə İŞİD-ə qarşı əməli hərbi fəaliyyətə keçməsinə rəvac verə bilərmi?

natiq-miriYenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirdi ki, Orlando şəhərində baş verən terror olayı fonunda Vaşinqton birmənalı olaraq daha aktiv antiterror fəaliyyətinə keçəcək: “İŞİD-in öz üzərində götürdüyü və ABŞ-da törədilən bu terror aktı təbii ki, Vaşinqtona daha aktiv antiterror fəaliyyətinə başlamağa imkan verəcək. Xüsusilə də İraq və Suriyada İŞİD-in bitirilməsi yönündə artıq bu terror qruplaşmasına heç bir imkan tanınmayacaq.

Buna qədər bilirsiniz ki, ABŞ müəyyən mənada, öz geosiyasi maraqları kontekstində manipulyasiya edə bilirdi. Ancaq ABŞ-ın özündə olan bu terror hadisəsindən sonra düşünürəm ki, Amerikanın ictimai rəyi bilavasitə Ağ Ev adminstrasiyasını həmin istiqamətdə artıq aktiv fəalliyyətə başlamağa məcbur edəcək. Yəqin ki, qısa zamanda İraqın, həm də İŞİD-in simvolik paytaxtı olan Rakkanın həmin terror qruplaşmasından təmizlənməsi prosesinə start veriləcək. Paralel olaraq bu məsələdə başqa bir məqama da diqqət etmək lazımdır. Bu yöndə yəqin ki, ABŞ adminstrasiyası da ciddi araşdırmalara başlayacaq. Çünki İŞİD-in məhz seçki dönəmində, Trampın rəy sorğusunda Demokratlar Partiyasının nümayəndəsi xanım Klintona uduzduğu bir ərəfədə terror hadisəsi törətməsi fikrimcə, diqqəti cəlb etməlidir. Bu yöndə yəqin ki, xüsusi xidmət orqanları fəaliyyətə keçəcək. Burada ola bilsin Trampın özünün və onu dəstəkləyən qüvvələrin də iştirak etdiyi bir sövdələşmə var. Bilirsiniz ki, Tramp seçki mübarizəsi ərəfəsində antimüsəlman mövqeyilə fərqlənirdi. Bu da müsəlman dünyasında təpkilərlə qarşılaşırdı. Bunlar da ABŞ-ın müsəlman dünyasında nüfuzuna böyük xələl gətirəcək açıqlamalar idi. Ancaq indiki şəraitdə bu cür terror hadisəsi Trampın mövqeyini qısa müddətli olsa da, ictimai rəydə gücləndirdi. Düşünürəm ki, bu terrorla Trampın platforması arasında bir əlaqə var. Yəqin Vaşinqton terrorun bitirilməsilə paralel bu məsələnin də ciddi araşdırılmasına rəvac verəcək. Əks təqdirdə seçki ərəfəsində belə bir terror hadisəsinin ABŞ-da törədilməsinin mümkün olması həqiqətən də bir çox şübhələr yaradır”.

aqil ələsgər

Araşdırmaçı yazar Aqil Ələsgər isə hesab edir ki, hər kəsin ağlına gələn versiya Trampdır: “Fəqət mən düşünmürəm ki, Klintondan 11 faiz geridə qaldığı üçün Tramp belə bir addım atsın. Çünki bu hadisədə ilk ağla gələn Trampın seçkinin nəticələrinə təsir etmək üçün bu addımı atmasıdır. Lakin bu addım Klintonla Tramp arasında fərqi daha da açmaq üçün də atıla bilər. Artıq ABŞ-da bir sıra ənənələr də pozulub və bir dəfə demokratların, gələn dəfə respublikaçıların namizədinin prezident olması məsələsi də gündəmdə deyil. Həmçinin, Trampın edəcəklərini demokratların şahin namizədi Klinton da edə biləcək sərt siyasət yürüdür. Bu səbəbdən də, düşünürəm ki, bu terror hadisəsi Trampı tamamən slmək və seçkinin nəticələrini indidən müəyyənləşdirməyə hesablanıb. Qısacası, bu hadisə ABŞ-da müsəlmanlara qarşı münasibətə çox da təsir etməməklə birlikdə həm də gələcək prezidentin Orta Şərqdə aktiv hərbi siyasətinə dəstək olacaq. Bildiyimiz kimi, Orta Şərqdə aktiv hərbi əməliyyatları dəstəkləyən namizədlərdən biri də “şahin” Hillari Klintondur”.

Elçin/Yenicag.az