Tramp Zelenskini “tarixin ən yaxşı satıcısı” adlandırdı

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukrayna prezidentini “tarixin ən yaxşı satıcısı” adlandırıb və yenidən Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq planından danışıb.

Yenicag.az xəbər verir ki, bu barədə Tramp Pensilvaniyada mitinq zamanı bildirib.

“Görürəm ki, Zelenski buradadır. Məncə, Zelenski tarixin ən yaxşı satıcısıdır – o, hər dəfə ölkəyə gələndə 60 milyard dollarla gəlir”, – deyə o qeyd edib.

Tramp əlavə edib ki, o, Ukrayna liderinin “demokrat rəqibi Kamala Harrisin seçkidə qalib gəlməsini çox istədiyinə” inanır və deyib ki, seçkidə qalib gəlsə, Ukrayna və Rusiyanı danışıqlar masasına oturtmağa çalışacaq.

“”Əgər bu seçkiləri qazanarsam, ilk işim Zelenskiyə, sonra da prezident Putinə zəng etmək olacaq və onlara deyəcəyəm: “Siz razılaşmalısınız, bu dəlilikdir”, Tramp bildirib.

Trampın dedikləri Zelenskinin “qələbə planını” təqdim etmək üçün Harris və prezident Co Baydenlə görüşəcəyi vaxta təsadüf edir.

Zelenski ABŞ-ın 45-ci prezidenti, Respublikaçılar Partiyasından Amerika liderliyinə namizəd Donald Trampın, əslində, Ukraynadakı müharibəni necə dayandıracağını bilmədiyinə inandığını deyib.

COP29