Trampa qarşı SUİ-QƏSD İDDİASI – “Bunu ilahi bir təqdir məsələsi kimi qiymətləndirmək olar”

“Seçkiöncəsi dövrdən bəri Trampın hakimiyyətə gəlişi ilə bağlı müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi iddialara görə, qlobalist qüvvələr onun yenidən prezident olmasına mane olmağa çalışacaq, hətta Trampın andiçmə mərasiminə qədər öldürüləcəyi ehtimalı irəli sürülürdü. Bu fikirlər seçki prosesindən əvvəl də müzakirə olunurdu və hazırda da gündəmdədir. Lakin bu cür iddialar qəti şəkildə təsdiqlənə bilməz. Digər tərəfdən, həyatda heç nəyi tamamilə istisna etmək olmaz”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Mürtəza Bünyadlı deyib.

Siyasi analitik Kremlin strateqi Aleksandr Duqinin cari ildə Trampın sui-qəsd nəticəsində öldürüləcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

M. Bünyadlının sözlərinə görə, Trampın hakimiyyətə gəlməsi ABŞ daxilində ciddi siyasi qarşıdurmalar yaradıb:

“Siyasi qüvvələr arasında mübarizənin kəskinləşdiyini görürük və bu gərginlik qarşıdakı müddətdə daha da dərinləşə bilər. Buna baxmayaraq, Trampın yenidən hakimiyyətə gələcəyini düşünənlərin və buna şübhə edənlərin sayı təxminən bərabərdir. Trampın hakimiyyətə gəlişi yalnız ABŞ daxilində deyil, bütün dünya siyasətində təsirini göstərməkdədir. Artıq ABŞ, Avropa İttifaqı və NATO çərçivəsində ciddi fikir ayrılıqları ortaya çıxıb. İqtisadi sahədə qarşıdurmaların, hərbiləşdirmə proseslərinin sürətlənəcəyinin şahidi olacağıq. Trampın liderliyi altında ABŞ-nin Çinə qarşı mübarizəsi daha da güclənəcək. Bu mübarizədə Çin həm iqtisadi, həm hərbi, həm də süni intellekt sahəsində Amerikanın ən ciddi rəqibi kimi qəbul olunur”.

Onun fikrincə, qlobalist qüvvələrin də bu məsələdə Trampı dəstəkləyəcəyi ehtimal edilir:

“ABŞ-nin əvvəlki administrasiyası, o cümlədən Bayden və onun komandası Çinə qarşı mübarizənin zəruriliyini vurğulamışdı. Trampın liderliyi ilə bu istiqamətdə ciddi addımların atılacağı gözlənilir. Eyni zamanda, Yaxın Şərq, İran, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında müəyyən dəyişikliklərin və yeni münaqişələrin baş verəcəyi ehtimal olunur. Trampın bu bölgələrdə həyata keçirəcəyi siyasətə dair ilkin addımlar artıq bəllidir və yaxın aylarda bu proseslərin inkişaf dinamikası daha aydın görünəcək. Sonda, Trampın fiziki təhlükəsizliyi ilə bağlı iddiaları isə ilahi bir təqdir məsələsi kimi qiymətləndirmək olar. Hər bir halda, Trampın hakimiyyətə dönüşü ilə dünyada və regionda mühüm dəyişikliklərin baş verəcəyi artıq aydın görünür”.

Rafi Müslümov