“Bu gün ABŞ “dərin dövləti”ndə geniş parçalanma mövcuddur və iki qanad arasında ciddi mübarizə gedir. Həmin qanadlardan biri demokratları – Kamala Harrisi dəstəkləyir və onun hakimiyyətdə qalmasını istəyir. Dünyada gedən hazırkı proseslər də həmin qanadın planlaşdırdığı ssenarilər üzrə cərəyan edir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında ABŞ prezidentliyinə respublikaçılar partiyasından namizəd olan Donald Trampın ikinci dəfə sui-qəsdə məruz qalması ehtimallarından söz açan Elçin Xalidbəyli deyib.
O söyləyib ki, bu qanad həmçinin Ukrayna savaşının davam etməsini istəyir, eyni zamanda, Yaxın Şərqdəki toqquşmalarla bağlı xüsusi planlara sahibdirlər:
“Habelə Cənubi Qafqaza yerləşmək üçün cəhdlər göstərdilər. Ən əsası isə Rusiyanı hər tərəfdən mühasirəyə alıb Putin hakimiyyətinin siyasi iradəsinin Kremlin divarları içərisinə sıxışdırılmasına çalışdılar”.
Onun sözlərinə görə, digər qrup isə sözügedən ssenarilərlə tamamilə əks maraqda olan bir qruplaşmadır:
“Onlar da Donald Trampın hakimiyyətə gətirilməsinə cəhd göstərirlər. Lakin həm ABŞ, həm də Avropa məkanında Trampın hakimiyyətə gəlmə təhlükəsindən ciddi şəkildə narahat olanlar var. Çünki Tramp, ilk növbədə, Ukrayna savaşının dayandırılacağını bəyan edir və bunu qısa müddətdə – bir neçə günün içərisində edəcəyinə vəd verir. Bu da bir çoxlarının maraqlarına qətiyyən cavab vermir. Çünki bu halda indiyə qədər cızılmış ssenarilər boşa getmiş olacaq və hətta Avropanın, böyük ölçüdə isə NATO-nun məğlubiyyəti kimi dəyərləndiriləcək bir sülh sazişinin imzalanma ehtimalı mövcuddur. Ona görə ki, Trampın əsas hədəfi ondan ibarətdir ki, Ukraynanın işğal olunmuş əraziləri Rusiyaya güzəştə gedilsin və bununla da müharibə dayandırılsın”.
E. Xalidbəyli əmindir ki, bunların qarşısını almaq üçün həm Avropa, həm də ABŞ-də bu seçkilərə hazırlaşırlar:
“Avropalılar belə hazırlaşır ki, mümkün qədər Rusiya əraziləri nəzarətə götürülsün və Rusiyanın daxilinə zərbələr endirilsin ki, Tramp fakt qarşısında qalsın və ərazi mübadiləsi mövzusu çıxsın. Bir də ki, NATO üzvü olan Avropa dövlətləri hərbi xərclərini artırmaq niyyətindədirlər. Çünki buradakı əsas önəmli məqam ondan ibarətdir ki, Trampın ABŞ-ni NATO-dan çıxarmaq kimi bir planı var. Əgər ABŞ NATO-dan çıxarsa, NATO öz əhəmiyyətini itirmiş olacaq və alyansda dağılmaq ehtimalı güclənəcək. Yəni bu qurum hərbi-siyasi alyans kimi öz əhəmiyyətini itirəcək”.
O, diqqətə çatdırıb ki, bütün bunlara Avropada hazırlaşırlar və onlar hərbi büdcələrini artırmaq niyyətindədirlər:
“Çünki Rusiya ilə baş verə biləcək silahlı toqquşmalara potensial hazırlamağa çalışırlar. Trampın hakimiyyətə gəlişindən narahat olanlar bir də silah sənayesi maqnatlarıdır. Çünki müharibələr silah sənayesi təmsilçilərini varlandırır, onların bazarını genişləndirir. Həmin silah sənayesinin lobbiçiləri də Trampın hakimiyyətə gəlişinə qarşı situasiyanı yetişdirmək üçün təbliğat apardılar. Yəni bu, çox geniş və əhatəli bir prosesdir, Tramp bir çoxlarına problem yaradır. Ona görə də ona qarşı ikinci sui-qəsd baş verdi. Üçüncü sui-qəsdin baş vermə ehtimalı da istisna deyil. Hətta ehtimallar var ki, əgər seçkiyə qədər Harrisin qələbəsinə əminlik olmazsa, Trampın fiziki cəhətdən aradan götürülməsi planı önə keçə bilər. Belə bir təhlükə ilə bağlı Trampın yaxın ətrafında da hazırlıq prosesinin başlandığı barədə məlumatlar var”.
Rafi Müslümov