Trampa qarşı YENİ İTTİHAM: “Sənədləri unitaza atırdı”

ABŞ-nin eks-prezidenti vəzifəsini itirdikdən sonra növbəti ittiham dalğası ilə üzləşib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp mühüm sənədləri məhv etməkdə ittiham olunub.

Eks-prezidentə ünvanlanan bu ittiham “New York Times” nəşrinin əməkdaşı Metti Habermanın yazdığı “Confidence Man” kitabında yer alıb.

Habermanın yazdığına görə, ABŞ prezidenti sənədləri və yazılı məlumatları saxlamalı olduğu halda, bu qaydanı dəfələrlə pozub.

Jurnalist kitabında iddia edib ki, Ağ Evin əməkdaşları eks-prezidentin bir neçə dəfə vacib sənədləri unitaza ataraq məhv etdiyini deyiblər.

Kitabda Trampın bəzi sənədləri cırdığı, postunu tərk etdikdən sonra isə bir sıra yazılı materialları özü ilə apardığı da qeyd olunub.