ABŞ-nin keçmiş prezidenti və 2024-cü il prezident seçkiləri üçün Respublikaçılar Partiyasının namizədi olan Donald Tramp prezidentliyi dövründə (2016-2020) milli təhlükəsizlik səbəbi ilə qadağan etməyə çalışdığı sosial media platforması “TikTok”a qoşulub.
Yenicag.az “Oda TV”yə istinadla xəbər verir ki, Tramp ilk paylaşımını dünən axşam açdığı hesabından qısa videogörüntüsü ilə edib.
O, videoda “burada olmaq şərəfdir” sözlərindən istifadə edib. Trampın hesabının açılmasından az sonra onun izləyicilərinin sayı bir milyonu keçib.
Noyabr ayında keçiriləcək prezident seçkilərində “TikTok”dan gənc seçicilərə çatmaq üçün istifadə etdiyi bildirilən Trampın ABŞ-da qadağan edilməsi müzakirə edilən sosial media platformasından istifadə etməsi müzakirələrə səbəb olub.
Xatırladaq ki, Tramp prezidentliyi dövründə milli təhlükəsizlik səbəbi ilə ABŞ-də 170 milyon istifadəçisi olan “TikTok”u bağlamaq istəyib, lakin federal məhkəmə tərəfindən onun bu istəyi əngəllənib. Bundan əlavə, Tramp gənc amerikalıları qəzəbləndirəcəyi səbəbilə bu il Konqres tərəfindən qəbul edilən “TikTok” qadağasına yol açan qanun layihəsinin əleyhinə olduğunu bildirib.
Rafi Müslümov