Reklam

Reklam

“ABŞ-ın bu addımı Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti son həddə qədər artıracaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Donald Trampın ABŞ-ın İranla imzalanmış nüvə sazişindən çıxdığını bəyan etməsindən sonrakı  proseslərin mümkün inkişafını dəyərləndirən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli

Qabil Hüseynlinin fikirncə, ABŞ-ın bu addımı Yaxın Şərq regionunda gərginliyin daha da yüksəlməsinə, hətta müharibə riskinin artmasına səbəb olacaq:

“Donald Trampın bu qərarı bölgədə çoxdan arzulanan sabitliyin təşəkkül tapmasına imkan verməyəcək qədər mənfi addımdır.

Əslində, Trampın İranla nüvə sazişindən çıxmasını elan etməzdən əvvəl səsləndirdiyi fikirlər daha çox İrana qarşı psixoloji təzyiq elementi kimi qəbul olunurdu. Ancaq ABŞ prezidenti bu addımı ilə həmin bəyanatlarının ritorik xarakter daşımadığını göstərdi.

Əlbəttə ki, bundan sonra hadisələrin hansı yöndə inkişaf edəcəyi hər kəsi dərindən düşündürür. Aydındır ki, ABŞ-ın İranla nüvə sazişindən çıxması Yaxın Şərqdə azalmayan gərginliyi xeyli artıracaq. Bunu nəzərə alan Avropa dövlətləri də, xüsusilə, qeyd olunan sazişə imza atmış dövlətlər Trampın qərarından çox narazı qalıblar.

Görünən budur ki, ABŞ prezidentinin bu qərarından məmnun qalan tək ölkə İsraildir. Tel-Əvivdən verilən bəyanatlar da belə deməyə əsas verir ki, İsrail ciddi-cəhdlə İranla müharibəyə hazırlaşır. Əgər regionda maraqları olan böyük dövlətlər sağlam düşüncədən çıxış etməsələr, Yaxın Şərqdə yeni hərbi toqquşmalar qaçılmaz olacaq”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gecə verdiyi bəyanatla ölkəsinin 2015-ci ildə İranla imzaladığı nüvə sazişindən çıxdığını bildirib. Tramp qərarını belə əsaslandırıb ki, bəhs olunan saziş İranın nüvə silahı əldə etməsinə əngəl yaratmır.

Trampın bu qərarına sərt reaksiya verən İran prezidenti Həsən Ruhani bəyan edib ki, ABŞ həmin sazişin yeganə iştirakçısı deyil və ölkəsi qeyd olunan müqaviləyə sadiqdir.

Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel və Avropa İttifaqının xarici siyasət rəhbəri Federika Mogerini isə İranla imzaladıqları nüvə sazişinə sadiq qalacaqlarını bəyan ediblər. O cümlədən Rusiya da, Trampın məlum qərarından narazı qaldığını, bu addımın ciddi məyusluq doğurduğunu bildirib.

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1034
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."