ABŞ prezidenti Donald Trampın Suriyanı bombalamaq qərarı qəbul etməsində qızı İvankanın təsiri olduğu bildirilir.
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumat yayan “İndependent” nəşri Böyük Britaniyanın ABŞ-dakı səfiri Kim Darroçun baş nazir Tereza Mey və xarici işlər naziri Boris Consona göndərdiyi hesabatla tanış olan mənbələrə əsaslanıb.
Səfirin hesabatında Trampın Əsəd rejiminin Xan-Şeyxun qəsəbəsini kimyəvi silahlarla bombalamasından sarsıldığı qeyd edilib.
“İndependent”in məlumatına görə, Trampın qızı İvankanın kimyəvi bombardmana sərt reaksiyasının Oval Ofisin hücum qərarına ciddi təsiri olub.
Bildirilir ki, Böyük Britaniyanın ABŞ-dakı səfiri Kim Darroç sözügedən hesabatında kimyəvi bombardmandan sonra oradakı mənzərəni əks etdirən fotoşəkillərə baxan İvankanın çox təsirləndiyi və “Twitter”də qəzəbli status paylaşdığı vurğulanıb.
İvankanın həmin statusu bu cümlələrdən ibarətdir:
“Yaşadığımız dövrdə çətin qərarların qəbulu zəruridir. İnsanlığa qarşı törədilən bu dəhşətli cinayətlərlə barışmadığı üçün atamla qürur duyuram”.
Yeniçağ.Az