“Ola bilər ki, bu prosesə respublikaçı konqresmenlərin bir hissəsi də qoşulsun”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ prezidenti Donald Trampla demokratların nəzarətində olan Nümayəndələr Palatası arasında qarşıdurmanın mümkün nəticələrini dəyərləndirən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynlinin sözlərinə görə, rəqibləri ilə təzyiq dilində danışmağa çalışan Trampın vəziyyəti heç də qibtəolunası deyil:
“Həqiqətən də, gərginlik kifayət qədər güclüdür. Donald Tramp məsələlərə praqmatik yanaşmamaqla bərabər, təzyiq dili ilə danışmağa çalışır və demokratlarla olan köhnə ədavətini yeni müstəviyə keçirməyə cəhd göstərir.
Hətta fikrimcə, bu məsələlərdən bir qədər impiçment qoxusu da gəlir. Çünki Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosi prezidentin siyasətini ciddi surətdə tənqid edir.
Bu məsələyə dair verilən bir sıra şərhlərdə qeyd olunur ki, demokratlar artıq prezidentin impiçmenti üçün hazırlıq işlərinə başlayıblar.
Əgər bu məsələ deyildiyi qaydada öz həllini taparsa, Nümayəndələr Palatasında Trampa impiçment elan olunması problem törətməyəcək. Ola bilər ki, bu prosesə respublikaçı konqresmenlərin bir hissəsi də qoşulsun.
Bütün bunlar göstərir ki, prezidentlə hakimiyyətin digər qolları arasında açıq qarşıdurma var və bu mübarizədə Trampın məğlub olmaq ehtimalı kifayət qədər yüksəkdir”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp xalqa son müraciətində demokratların Meksika ilə sərhəddə divar çəkilməsi üçün tələb olunan 5,7 milyard dollar ayrılmasına imkan verməməsini “ölkədə siyasi böhran yaratmaq cəhdi kimi” qiymətləndirib.
Nümayəndələr Palatasının sədri Nensi Pelosi isə prezidentin ittihamlarına cavab olaraq, Trampı “amerikalıları girova çevirməkdə” suçlayıb.
A.Zeynalov