Trampın fantastik Qəzza PLANI: “ABŞ-nin tulaları öz xalqlarından qorxub…”

“Trampın Qəzza əhalisinin köçürmə planı baş tutmayacaq”.

Bu sözləri İsrail tərəfinin atəşkəsi pozmasından sonra HƏMAS-ın əsir mübadiləsini dayandırması və bundan sonra gözlənənləri Yenicag.az-a dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

O, bildirib ki, HƏMAS sona qədər döyüşəcək:

“İsrail Baş naziri Benyamin Netanyahu vəziyyətin gərginləşməsində maraqlıdır. Gərginləşmiş vəziyyətdə insan tələfatının çoxalması, habelə sazişlərin pozulması ilə Tramp Qəzzaya qarşı qəti addımlar atacaq. İsrail buna çox ümid edir. Artıq iddialar var ki, ABŞ-nin hərbi mütəxəssisləri Qəzza zolağına giriblər”.

Onun sözlərinə görə, HƏMAS əlində avtomat, ən ağır silahı isə qumbaraatanla dünyanın ən mükəmməl silahları ilə təchiz olunmuş İsrail ordusuna qarşı döyüşür:

“49 min insan həyatını itirib. O cümlədən 20 min uşaq. HƏMAS döyüşçülərinin yeganə üstünlüyü ondan ibarətdir ki, onlar canlarından keçməyə hazırdırlar. Onlar əqidəli döyüşçüləridir və onlar üçün fərqi yoxdur güllə atdıqları İsrail, yoxsa ABŞ əsgəridir. Lap Avropa da işə qoşulsa, onlar son nəfəslərinə qədər döyüşəcəklər. HƏMAS belə döyüşdükcə, ərəb əhalisi öz rəhbərlərinə qarşı təzyiqi gücləndirəcək ki, müdaxilə etsinlər. O cümlədən ABŞ-nin tulası olan Səudiyyə kralı, digər ərəb əmirləri, habelə Misir lideri Sisi öz xalqlarından qorxub səslərini ucaldacaqlar. Əminəm ki, Trampın Qəzza əhalisinin köçürmə planı baş tutmayacaq. Bir şərtlə tutar ki, 2 milyon 300 min fələstinliyə ABŞ pasportu versin. Onlar da köçər ABŞ-yə, orada inqilab edərlər”.

Səxavət Məmməd