Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyyarto hesab edir ki, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi Rusiya-Ukrayna müharibəsinin sona çatmasını indiyədək olmadığı qədər mümkün edir.
Yenicag.az yerli “Hirado” portalına istinadla xəbər verir ki, XİN rəhbəri bu fikri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Vals ilə görüşündən sonra səsləndirib.
Nazirin sözlərinə görə, ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələri Ukraynada müharibənin sona çatmasına heç vaxt olmadığı qədər yaxın görünür. Bununla yanaşı, eskalasiya riski də həmişəkindən daha yüksəkdir.
“Biz, həqiqətən, Donald Trampın bu müharibəni bitirmək məqsədinin tezliklə reallığa çevrilməsini görmək istəyirik,” – deyə o, vurğulayıb.
Nazir Mayk Vals ilə ikitərəfli münasibətlər və geosiyasi məsələlər, o cümlədən Ukraynada davam edən müharibə ilə bağlı mehriban müzakirələr apardıqlarını bildirib.
Macarıstanın xarici işlər naziri əlavə edib ki, ABŞ-də keçirilən seçki kampaniyası zamanı Ukraynada müharibə əsas müzakirə mövzularından biri olub. Xüsusilə, Respublikaçı Donald Tramp müharibənin mümkün qədər tez bitirilməsinin vacibliyindən bəhs edərkən, Demokrat Kamala Harris onun davam etdirilməsini müdafiə edib.
Siyyarto qeyd edib ki, ABŞ prezident seçkilərinin nəticələri Avropada sülhə töhfə verə biləcək “tamamilə yeni” siyasi reallıq yarada bilər. Məlumata görə, Trampın seçkilərdə qalib gəldikdən sonra Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikrini öyrənmək üçün dəfələrlə Macarıstanın baş naziri Viktor Orbana müraciət etdiyi bildirilir.