Trampın hakimiyyətə dönüşü nələrə səbəb ola bilər? – Türkiyə və Azərbaycanla bağlı İDDİA

“Donald Trampın Azərbaycana münasibəti müəyyən biznes kontekstində əməkdaşlığa bağlı olsa da, bütövlükdə bunu müsbət qiymətləndirmək olar”.

Bu barədə Yenicag.az-la söhbətində politoloq Natiq Miri deyib.

Siyasi təhlilçi Türkiyə mətbuatında Donald Trampın hakimiyyətə yenidən gələcəyi təqdirdə, Türkiyə və Azərbaycana qarşı olacaq münasibəti ilə bağlı yayımlanan informasiyaları şərh edib.

N. Miriyə görə, demokratlardan fərqi olaraq, Tramp hakimiyyəti Azərbaycanda hakimiyyət dəyişiklikləri üçün hər hansı bir gizli siyasət ortaya qoymayıb.

“Bunlar fərqli məsələlər və yanaşmalıdır. Əgər Tramp hakimiyyətə gələrsə, onda, təbii ki, Azərbaycana münasibət indiki durumdan fərqli olacaq. Bayden administrasiyası nə qədər özlərini demokrat adlandırsa belə, onlar heç bir regionda normal təhlükəsizlik, eləcə də, iqtisadi ticarət şəraiti yarada bilməyiblər. Birqütblü dünya qurmağı iddia edən bir dövlətin hər yerdə bununla bağlı konkret proqramı olmalıdır. Bu yöndə Bayden hakimiyyətinin nə qədər yararsız bir iqtidar olduğu üzə çıxır”, – deyə o bildirib.

Onun fikrincə, Tramp hakimiyyətinin iqtidara gələcəyi təqdirdə, “bütün dünyanın eyni Günəş altında isinməsi” təsəvvürlərinin formalaşması özünü aldatmaqdır:

“Çünki Tramp bir dövlət adamı deyil. O ABŞ-nin yetişdirdiyi bir biznesmendir və o, hər məsələyə yalnız mənfəət çərçivəsində yanaşır. Onun üçün başqa dövlət, eləcə də, o ərazilərdə yaşayan insanların mənafeyi qara qəpik qədər dəyərli deyil. Bu, o zaman müsbət olur ki, ABŞ dövlətinin bilavasitə bu məsələlərdə müəyyən maraqları yaranır. Yəni ABŞ-nin sözügedən məsələlərə maraqları olduğu təqdirdə, Vaşinqtonun yanaşması normal olacaq”.

Siyasi təhlilçi əlavə edib ki, Azərbaycan cəmiyyəti bu cür fikirlərlə yaşamağı artıq unutmalıdır:

“Tramp gələcək, hər şey yaxşı olacaq” deyirlər, xeyr, heç nə yaxşı olmayacaq. Məgər bu gün davam edən HƏMAS-İsrail müharibəsinin təməlini Tramp qoymamışdı? Beynəlxalq hüquqa tüpürərək, Suriya ərazilərini İsrailin tərkib hissəsi kimi, eyni zamanda, Qüdsü İsrailin paytaxtı kimi tanıyan Tramp deyildi? Qısacası, onun üçün beynəlxalq hüquq anlayışı yoxdur və o, ciddi adam deyil. Bu adam portfelini əlinə almamış “Ukrayna-Rusiya müharibəsini bitirəcəyəm” fikri ilə çıxış edən qeyri-ciddi adamdır. Çünki biznes başqa, dövlət siyasəti isə tamam başqadır. Üstəlik, hegemon bir dövlətin prezidenti olmaq tamamilə ayrıdır”.

“Hegemon dövlətin prezidenti təkcə ABŞ-nin maraqlarını deyil, eləcə də 10 milyonluq cırtdan dövlətin maraqlarını düşünmək məcburiyyətindədir. Belə bir model, prezident və sistemi indiyə qədər görən olub? Fikrimcə, bu cür iddialara inanmamaq lazımdır. Azərbaycan və Türkiyəyə yardım edəcək yeganə güc özləridir və biz bunu Qarabağ müharibəsində də gördük”, – deyə o fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, məlumatda Trampın Azərbaycanın tranzit roluna xüsusi diqqət yetirməsi, eyni zamanda, Azərbaycandan yükdaşımalara daha çox önəm verməsi ilə bağlı informasiyalar yer alıb.

Bildirilib ki, o, İran və Rusiyanın iştirak edəcəyi Şimal-Cənub nəqliyyat dəhlizinə isti yanaşmır. Bundan əlavə, Trampın Azərbaycanın İranla sərhədlərində təhlükəsizliyə daha çox dəstək ayırmaq niyyətində olduğu diqqətə çatdırılıb.

Rafi Müslümov

COP29