Trampın hədəsi İran daxilində rejim əleyhinə olanlar üçün bir siqnaldır – Ekspert

“ABŞ prezidenti tərəfindən səslənən kəskin bəyanatlara rəğmən, yaxın gələcəkdə ABŞ-la İran münasibətlərinin hər hansı bir qaynar fazaya keçəcəyini düşünmürəm. Bu hal ümumiyyətlə yaxın dövr üçün mümkün deyil. Vaşinqton buna getməz. Amma İran daxilində baş verən narazılıqlar fonunda Vaşinqtondan səslənən bu xəbərdarlıq bəyanatları cənub qonşumuzda qarışıqlıq salma prosesinə dəstək ola bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ABŞ prezidenti Donald Trampın yenidən İranı hədələməsinə münasibət bildirərkən politoloq Elşən Mustafayev deyib:

“ABŞ prezidenti Donald Tramp hakimiyyətə gələndən sonra İranla bağlı mütəmadi olaraq belə kəskin bəyanatlarla çıxış edib. Bildiyiniz kimi, Trampdan öncəki prezidentlərin xarici siyasətində də İran xüsusi yer tuturdu. İran uzun müddət ABŞ və müttəfiqlərinin sanksiyalarına məruz qalıb. Bu sanksiyanın da hədəfi İranda rejim dəyişikliyinə nail olmaqdan ibarətdir. Sonradan İranla nüvə sazişi bağlansa da, Tramp birtərəfli qaydada onu ləğv etdi. İndi Tramp yenidən İrana qarşı sanksiyalar tətbiq etməyə başlayır. Bu mənada da Trampın İranı hədələyən növbəti bəyanatla çıxış etməsini yeni hadisə kimi dəyərləndirməzdim. ABŞ-ın İran siyasəti dəyişməz olaraq qalır. Müşahidələrim göstərir ki, Şimali Koreyadan sonra ABŞ-ın xarici siyasətində əsas yer tutan ölkə məhz İrandır. Ona görə də, Trampın İrana yönəlik son hədəsini də sadəcə xarici siyasətə yönəlik bəyanat kimi qəbul etmək olar. İran hazırda Yaxın Şərq məsələsində ABŞ-la qarşı-qarşıya gələn dövlətlərdəndir. Suriya məsələsində Tehran Əsədə dəstək verir, İrana bağlı hərbi birləşmələr Dəməşq tərəfdə döyüşlərdə iştirak edir. Bu da ABŞ-ın İrana olan münasibətinin mənfi mənada daha da dərinləşməsinə səbəb olur. Verilən bəyanatlar da bu mənada İrandakı rejimin dəyişdirilməsinə xidmət edir”.

Politoloq düşünür ki, Trampın bu tip bəyanatları əslində İran daxilində rejim əleyhinə olanlar üçün hərəkətə keçmək baxımından bir siqnaldır:

“Lakin İranda bu tip hadisənin olmasının özü belə çətin prosesdən keçəcək. İran uzun illər sanksiyada yaşayan dövlət kimi kənardan olan təzyiqlərə qarşı özündə ciddi bir immunitet formalaşdırıb. Rejimin dinlə bağlı olması da burada müəyyən çətinliklər törədir. Bununla belə, İran daxilində narazılığın baş qaldırması da istisna deyil.
Trampın verdiyi bəyanatlar ümumiyyətlə Vaşinqtonun İranla bağlı siyasətinin dəyişmədiyinin göstəricisidir. Ona görə burada İranla bağlı yeni nəsə axtarmağa ehtiyac görmürəm. Verilən bəyanatlar sadəcə İranı çalxalamaq, ona basqı göstərmək məqsədi daşıyır. Bu, Tehranla əlaqə saxlayan dövlətlərə xəbərdarlıq xarakteri daşıyan mesajlardır”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp növbəti dəfə İranı hədələyən bəyanatla çıxış edib. Ümumiyyətlə, o hakimiyyətə gələndən indiyədək əsas hədəf olaraq məhz Tehranı seçib. Onun nəticəsidir ki, əvvəlki ABŞ administrasiyası dövründə İranla bağlanan nüvə sazişindən Tramp birtərəfli qaydada çıxdı. Ardınca ABŞ İrana qarşı sanksiyalar tətbiq etməyə başlayıb ki, payızda həmin sanksiyaların daha da ağırlaşdırılacağı gözlənilir.

ELÇİN