Trampın “həvari”si yenə də Moskvada PEYDA OLDU – Vitkoff Rusiyaya niyə GETMİŞDİ?

“Tramp seçimdən əvvəl bildirdi ki, bu müharibə dayanmalıdır və tərəflər sürətlə hərəkətə keçməlidir. Trampa bu məsələ o qədər də maraqlı deyil. Yəni torpaqların Ukraynaya aid olması, yoxsa Rusiyada qalması onun üçün önəmli deyil”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Müsahibimiz ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun gözlənilməz Moskva səfərini şərh edib.

S. Hümbətov hesab edir ki, burada Tramp öz maraqlarını güdür ki, bu da məsələni həll etmək üçün bir yol tapmaqdır:

“Daha sonra o, Ukrayna ərazilərinin bir hissəsini götürmək istəyir. Yəni “götürmək” dedikdə, təbii sərvətlərinin istismarını həyata keçirmək nəzərdə tutulur. Bu barədə Ukrayna hökumətinə açıq mesajını verib. Məsələ burasındadır ki, Putinlə Trampın istəkləri Ukraynanı tamamilə bölüşdürməyə yetmir. Rusiya əldə etdiklərindən əl çəkmək istəmir. Moskva Ukraynanı elə bir müqavilə ilə verir ki, qalan hissəyə heç bir təsir edə bilməsin. Bu, Rusiya üçün qəbul edilə bilər. Ukraynada Kremlə ona lazım olan rus dilini gətirib, dövlət dili eləmək, ruslara hüquqlar vermək və əldə tutduğu ərazilərdə onların saxlanmasını təmin etməkdir. Ukraynanın NATO-ya girməməsi də buna daxildir”.

Onun sözlərinə görə, indi məsələ burasındadır ki, fərdi danışıqlarda hansı mövzular müzakirə olunub, tərəflər nədə razılaşıblar, bu hələlik bilinmir:

“Atəşkəs üçün belə bir əl qoyulmayıb bir kənara. Trampın hakimiyyəti dörd ildən sonra bitəcək. Ondan sonra gələcək adam Trampın fikirlərini bölüşəcəkmi? Digər tərəfdən, Amerika Birləşmiş Ştatları Rusiyanın bu müqaviləni imzalayıb sona qədər riayət edəcəyinə inanmır. Buna tam güvənmirlər. Yəni bu tərəf də var”.

Analitik əmindir ki, indiki vəziyyətdə Rusiyanın tələbləri ilə Ukraynadakı müharibəni dayandırmaq cəhdləri davam edir:

“Gecə-gündüz nə qədər çox ərazi ələ keçirə bilsə, bir o qədər yaxşıdır. Mənim fikrimcə, xüsusilə hansı ərazilərin götürüldüyü önəmlidir. Ukraynanın təbii sərvətlərlə zəngin olan əraziləri hansılardır? Əgər ruslar bu əraziləri ələ keçirməsə, bəlkə də müharibəni tez dayandıra bilərlər. Amma o ərazilər tutulsa, bu proses uzana bilər. Münasibətlər buna görə bir az soyuq və gərgindir. Amerika Birləşmiş Ştatları istədiyini tələb edir, Rusiya da öz mövqeyindən geri çəkilmir”.

“Bəs Ukrayna nə edə bilər? Bu, Amerikanın əlində qalıb. Əsas məsələ Rusiyanı yola gətirməkdir… Hələlik bu, bilinməyən bir məsələyə çevrilib. Ukraynanın bölüşdürülməsi ilə bu məsələ qurtara bilər. Bunu da qeyd etmək lazımdır ki, Vitkoffun Moskva səfəri də hələlik böyük bir nəticə göstərmir. Atəşkəs müvəqqəti ola bilərdi, amma bu, müqaviləni imzalamaq üçün həlledici addım kimi görünmür. Real vəziyyət bunu göstərmir”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov