Trampın NEFT HƏDƏFİ – Amerika liderini səudiyyəlilərin ayağına aparan SƏBƏBLƏR

“7 oktyabr 2023-cü il hücumunun ilk günlərində İran ciddi tənqid olunurdu. Daha sonra HƏMAS nümayəndələri açıqlama verərək, “Biz müstəqil hərəkət etdik, İranla əlaqəmiz yoxdur” dedilər. İran bu bəyanatı məmnunluqla qarşılasa da, sonradan “Müqavimət oxu”na dəstəyini açıq şəkildə nümayiş etdirdi”.

Bunu Yenicag.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, iranlı analitik Farşid Bağerian deyib.

O, son günlər ABŞ və İran arasında artan gərginliyin səbəblərini və Vaşinqtonun “maksimum təzyiq” siyasətinin pərdəarxası məqamlarını şərh edib.

Ekspertin sözlərinə görə, Qəzzadakı proseslər İranın nəzarətindən çıxdıqdan sonra İran-İsrail qarşıdurması başladı:

“Bir müddət HƏMAS məsələsi arxa plana keçdi və İranla İsrail bir-birinə dörd dəfə hücum etdi. Son hücum zamanı İsrailə ABŞ dəstək verdi. Bu, əslində, İsrailin hücumu idi, lakin Vaşinqtonun açıq dəstəyi ilə həyata keçirildi. Nəticədə, İran ilk dəfə birbaşa ABŞ tərəfindən hədəfə alındı. Daha sonra gərginlik nisbətən səngidi”.

Bağerianın fikrincə, Trampın hakimiyyətə gəlməsi vəziyyəti dəyişdi:

“Biz hələ də Trampın Yaxın Şərqə sülh gətirəcəyinə inanmırıq. Onun dövründə HƏMAS və İsrail arasında atəşkəs elan olundu, əsir mübadiləsi baş tutdu. Lakin tərəflər daim bir-birini atəşkəsi pozmaqda ittiham edirdi. İsrail heç vaxt Qəzzadan əl çəkməyəcək. Bunu əvvəldən də demişdik. ABŞ faktiki olaraq Qəzzaya tam nəzarət edəcək. İki il əvvəl biz bu ssenarini proqnozlaşdırmışdıq, amma o vaxt bir çoxları buna şübhə ilə yanaşırdı. İndi isə Tramp süni intellekt vasitəsilə Qəzza planını açıqlayıb”.

Ekspert əlavə edib ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu barəsində həbs orderi çıxarıb.

“İsrail daxilində də ciddi problemlər var. Netanyahu həm siyasi, həm də şəxsi baxımdan təhlükə ilə üzləşib. İndi isə İsrail İranı hüquqi müstəvidə günahlandırmağa çalışır. Təl-Əviv 7 oktyabr hücumunun İran tərəfindən təşkil edildiyini iddia edir və bu hadisəyə görə ölənlərin, əsirlərin ailələrinə təzminat tələbləri irəli sürməyə çalışır. Yəni İsrail “hard power”dan (sərt güc) “soft power”a (yumşaq güc) keçid edir. Hazırda bu strategiya üzərində işlənilir”.

Analitik qeyd edib ki, Trampın Yaxın Şərqə dair maksimalist yanaşması ilə bu proseslər sürətləndirilir:

“Suriyanı artıq demək olar ki, ABŞ nəzarətə götürüb. İran isə cavab vermək məcburiyyətində qalacaq. İsrail İranı həm hüquqi, həm də hərbi cəhətdən təzyiq altında saxlamaq istəyir. Tramp isə bildirir ki, husilərin atdığı hər bir güllə İran tərəfindən göndərilmiş sayılacaq. Bu, hüquqi əsas yaratmaq məqsədi daşıyır. ABŞ isə bunu əsas gətirərək, hərbi və hüquqi formada cavab vermək niyyətindədir”.

Ekspertin sözlərinə görə, İsrail və ABŞ-nin maraqları arasında ciddi fərqlər var:

“İsrail “Böyük İsrail” layihəsi çərçivəsində yeni ərazilər əldə etməyə çalışır. ABŞ isə daha çox bölgədə hegemonluğunu möhkəmləndirmək və neft qiymətlərini müəyyənləşdirmək niyyətindədir. İran neft bazarında əsas oyunçu deyil və neftini ucuz satır. Əsas oyunçular Rusiya və Səudiyyə Ərəbistanıdır. Rusiya ilə razılaşmaq çətin olduğundan, ABŞ diqqətini Səudiyyə Ərəbistanına yönəldib”.

Politoloq onu da vurğulayıb ki, Səudiyyə Ərəbistanı “Aramco”nun 10%-ni Çinə dollarla yox, yuanla satıb:

“Bu, ABŞ dollarının hegemonluğuna ciddi zərbə vurur. Hazırda Vaşinqtonun əsas məqsədi Səudiyyə Ərəbistanını diz çökdürməkdir. Husilər bu prosesdə əsas fiqurlardan biridir. ABŞ hazırda husiləri bölgədən çıxarmağa və ya neytrallaşdırmağa çalışır. Onlar geri çəkilərsə, məhv ediləcəklər. Əgər Səudiyyə Ərəbistanına keçsələr, bölgədə yeni qarşıdurmalar yaradacaqlar. Hazırda əsas hədəf İran deyil, məhz Səudiyyə Ərəbistanıdır”.

Rəfi Müslümov