“Trampın dönəmində Cənubi Qafqazda hərəkətlilik olacaq”.
Bu sözləri Donald Trampın prezident seçilməsi və onun dönəmində ABŞ-nin Cənubi Qafqaz siyasətini Yenicag.az-a şərh edən politoloq Qədir Aslan deyib.
Analitikin sözlərinə görə, Trampın dönəmində münaqişələrə münasibət dəyişəcək:
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və onun ilkin versiyası hazırlana bilər. Bundan əlavə, İranla bağlı məsələlərdə də hərəkətlilik olacaq. Ukrayna və Yaxın Şərq cəbhəsində də ciddi dəyişikliklərin olacağı gözləniləndir”.
Siyasi təhlilçinin fikrincə, ümumiyyətlə, ABŞ seçkiləri ilə bağlı proqnoz verənlərin, demək olar ki, böyük əksəriyyəti yanıldı:
“Çoxları Harrisin prezident seçiləcəyini düşünürdü, ancaq Tramp qalib gəldi. Odur ki, demokratların başladığı prosesi Tramp davam etdirəcək. Yanvarın 20-ə qədər Bayden Ağ Evdədir və o vaxta qədər də demokratlar hansı addımlar atacaq, bu çox önəmlidir. Onlar bütün regionlarda oyun qaydalarını daha da sərtləşdirə bilərlər. Hazırda ən düşündürücü məsələ Bayden getməzdən öncə atacağı addımlardır”.
Səxavət Məmməd