Trampın “sağ əli” Rusiyaya agentlik edib – Etiraf etdi

ABŞ prezidentinin sabiq milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn haqqında Federal Təhqiqatlar Bürosuna (FBI) yalan söylədiyi və yanlış ifadə verdiyinə görə araşdırmalara başlanılıb.

Yenicag.az xəbər verir ki, 2016-cı ildə baş tutan prezident seçkilərində Donald Trampın komandasının Rusiyadan bəzi vəzifəli şəxslərlə təmasda olduğuna dair xüsusi araşdırma aparılır. Bu araşdırmalar çərçivəsində dindirilən Flinn bəzi etiraflar edib və yalan söylədiyini açıqlayıb. O, hətta Trampa qarşı ifadə verməyə hazır olduğunu bildirib. Flinn, şəxsən Trampın Rusiya ilə əlaqəyə girməyi istədiyini bildirib.

Sabiq müşavir Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə əlaqədə olmasına dair Federal Təhqiqatlar Bürosuna yanlış ifadə verdiyini də açıqlayıb.

Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.

Flinnə gəlincə, o, Trampın hakimiyyətə gəlməsindən sonra cəmi 24 gün fəaliyyət göstərə bilmiş və istefa vermək məcburiyyətində qalmışdı.