Donald Tramp Türkiyə ilə ABŞ arasındakı gündəm məsələləri dəyərləndirərkən nüvə silahları məsələsi ilə bağlı ciddi müzakirə obyekti olacaq səhvə yol verib.
Yenicag.az xəbər verir ki, ABŞ Prezidenti çıxışı zamanı “İncirlik” hərbi bazasındakı nüvə silahlarının təhlükəsizliyindən əmin olduğunu bildirib.
“Türkiyədəki Amerika nüvə silahlarının təhlükəsizliyindən əminəm” – deyə, Tramp deyib.
Donald Tramp bu fikirləri “New York Times” qazetinin dünən yayımladığı iddianı təkzib etmək üçün səsləndirib. Belə ki, “New York Times”ın iddiasına görə, ABŞ Türkiyənin Suriyada başlatdığı “Barış pınarı” hərəkatının ardından hərbi bazada yerləşən 50 nüvə başlığını çıxartdığı barədə məlumat yayıb.
Trampın nüvə başlıqları ilə bağlı açıqlamasının sensasiya yaratmasına səbəb isə, bu günə qədər bazada nüvə silahlarının olmasını heç bir ölkənin rəsmi olaraq qəbul etməməsi olub.
Qeyd edək ki, SSRİ-nin dağıdılmasından sonra “İncirlik” hərbi bazasında nüvə silahlarının yerləşdirilməsi ilə bağlı uzun illərdir iddialar edilir.
Həşim Səhrablı