Ağ protestant ailədən gələn Vinsin çox maraqlı karyera xronologiyası var. Ohayo Universitetini bitirən Vins daha sonra Yale Hüquq Məktəbini bitirib. Onun Amerikanın mərkəzi və orta qərb əyalətlərində olan problemlərdən, xüsusilə işsizlik və narkomaniyadan bəhs edən “kəndliliyin elegiyası” (Hillbilly Elegy) kitabı Vinsi Amerika müasir siyasəti ilə tanış etmiş və bu kitab sahəsində 39 yaşlı gənc Amerika siyasi isteblişmentinə daxil ola bilmişdi”.
Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalının “Donald Trampın vitse-prezident elan etdiyi Ceyms Devid Vins kimdir?” adlı analitik məqaləsində qeyd olunub.
Məlumata görə, bu kitabla o, eyni zamanda, GOP (Respublikaçıların Milli Komitəsi – red.) üçün “yelləncək ştatlar”da səs qazanmaq baxımından əhəmiyyətli fiqura çevrildi:
“Vins hindu xanımla evlidir. O kitabından sonra Trampın GOP-un kampaniyalarında iştirak edib və yüksək ianələr toplaya bilib. O, eyni zamanda, öz kitabında ağ işçi sinfinin hakim olduğu, mühafizəkar orta təbəqənin cəmləşdiyi Ohayo ştatının Midltaun şəhərinin problemlərindən geniş bəhs etdiyi üçün böyük nüfuz qazana bildi”.
Kanal yazır ki, əgər Vins vitse-prezident seçilərsə Birləşmiş Ştatlar tarixinin ən gənc vitse-prezidentindən biri kimi tarixə keçəcək:
“Vins İllinoys ştatında hüquq məsləhətçisi kimi çalışıb, daha sonra isə “Silikon vadisi”ndə çalışmağa başlayıb. Elə Vins fenomenini də Amerikaya tanıtdıran məhz “Silikon vadisi”nə daxil olması olub. O buna qədər Trampın qatı tənqidçisi idi, hətta Trampı Adolf Hitlerə bənzətmişdi. Lakin daha sonra məhz Trampla anlaşaraq, Ohayo ştatından senata senator seçilir. Vins sonradan dəyişərək, Trampın ən qatı ideoloji dəstəkçisinə çevrilir. Dindar düşüncələrə malik Vins Amerika məğlub olsa belə, İsrailə dəstək olmalıdır düşüncəsindədir. Hətta İsrail mövzusunda Trampdan belə daha sərtdir. Onun Trampın böyük oğlu və kürəkəni olan Kuşnerlə yaxın əlaqələri var”.
Bildirilir ki, C.D. Vensin siyasətə gəlişində və yüksəlişində, həm də onun vitse-prezident elan edilməsində xüsusi rol oynayan şəxslərdən biri “Paypal” və “Palantir Technologies” şirkətinin qurucusu, “Silikon vadisi”nin ən güclü şəxslərindən biri olan Piter Tildir:
“Tilin isə Elon Maskla yaxın əlaqələri var. Artıq onlar 40 milyon dollar Tramp kampaniyasına ianə edəcəklərini deyiblər.
Tramp seçilərsə, böyük şirkətlər üçün vergiləri azalda bilər. Burada digər önəmli məqam isə Respublikaçılar Partiyasının əsas sponsorları olan Koks ailəsinin roludur. Koks ailəsinin kimliyi və onların Obama administrasiyası dövründə Obamaya yaratdığı problemlər bir çox baxımdan məlumdur. Bütün Respublikaçı namizədlər çox zaman Kox ailəsinə yaxın olur və ya onlar tərəfindən dəstəklənir. Hətta Obama dövründə Kox ailəsinin Amerika konqresinə təsiri o qədər böyük idi ki, konqresə Kox konqresi də deyilirdi. Trampın birinci kompaniyası dövründə bu ailənin Donald Trampa xüsusi ianələri var idi. Onu da qeyd edək ki, Türkiyə və Rusiya medialarında az qala şişirdilmiş müxtəlif konspirasiya və mifologiya fenomeni olmuş Rokfeller və Rotşild ailələrindən fərqli olaraq bu ailəyə az yer verilir. Səbəbi odur ki, bu ailələr, əslində, digər iki ailədən daha geniş rol oynayır və digər iki ailənin Amerika siyasətində olan təsiri çox azdır”.
Kanalın analitiklərinin fikrincə, bu ailənin vaxtilə İosif Stalinlə müxtəlif biznes və yaxınlıqlarının olduğu iddia edilir.
“Həmçinin bu ailənin Türkiyə elitası ilə geniş əlaqələrinin olduğu güman edilir. Vins aysberqin görünməyən tərəfində onların, görünən tərəfində isə Mask, Til, Kayl kimi şəxslərin adamıdır. Kayl qrupu isə Koks ailəsinə bağlı “Silikon vadisi”ndə bir çox proseslərə nəzarət edən və ailə biznes qrupları arasında əlaqəni təmin edən xüsusi qrupdur. Vins bu qrupla çox dərin əlaqələrə malikdir”, – deyə qeyd edilir.
“Vins niyə vitse-prezident namizədi oldu? Bunun ən böyük səbəblərindən biri onun Pensilvaniya, Viskonsin, Ohayo kimi mərkəzi “yelləncək ştatlar”da və orta qərbdə olan gənclər arasında Trampa səs qazandırması, Trampın kampaniyası üçün yüksək ianələrin əldə edilməsidir. Lakin digər önəmli səbəb odur ki, Respublikaçılar Partiyası, ən əsası isə onun Trampist qanadı Post-Tramp dövründə Vinsi onun real varisi kimi görür. Trampizm Amerika cəmiyyətində və siyasətində kök salmış bir çox problemləri, dəyişən və qütbləşən cəmiyyətdə öz əvvəlki statusunu itirən kəsimlərin, icmaların əsas ideoloji xəttidir. Vins isə bu xətti böyük ölçüdə davam etməlidir. Çünki Tramp getsə belə, Trampizmin yaranmasına səbəb olan problemlər heç yerə getmir və bu təbəqələr özlərinə yeni Tramplar axtaracaqlar. Vins ağdərili olduğu üçün Trampın “Hispanic” və afro-amerikanlarlardan səs alıb-almayacağı bəlli deyil. Çünki Tramp üçün vacib latın işçi sinif və mühafizəkar sinifdir”, – məlumatda qeyd olunub.
O da qeyd olunub ki, buna baxmayaraq, hazırcavablığı, debat aparma qabiliyyəti, gənc olması, publikaya oynamağı sevməsi onun nüfuzunu artırır:
“Vinsin xanımının hindu olması həm də bu istiqamətdə səs almaq üçün lazım ola bilər. Eyni zamanda, böyük ehtimal, Tramp Vins ilə gəncləri və “yelləncək ştatlar”ında olan qərarsızların səsini qazanmaq gedişi edir. Xüsusilə “yelləncək ştatlar”da Vins həm problemləri bilir, həm də oranın sosiologiyasını tanıyır. İlk dövrdə Tramp özünə ideoloji əks olan Mayk Pensi vitse-prezidenti elan etdi. Pensin namizədliyində əsas məqsəd yevangelistlər idi.
Lakin bu dəfə özünə ideoloji yaxın birisini seçsə də, onun bundan əvvəl Trampa əks olması gələcək münasibətləri maraqlı edəcək. Vitse-prezidentin səlahiyyətlərini prezident seçir. Buna qədər, misal olaraq, Co Bayden Kamala Harrisə ən təhlükəli sahələri tapşırmaqla onun karyerasını məhv etdi. Görək mürəkkəb Tramp-Pens dövründən sonra Tramp-Vins cütlüsü necə olacaq? Təbii ki, bunun üçün ilk öncə noyabrda qalib gəlmək lazımdır”.
Rafi Müslümov