“Hansısa məsələdə atılacaq addımlar, digər sahələrdəki uğur şansına da təsir edəcək”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ-nin yeni prezidenti Donald Trampın Yaxın Şərqlə bağlı siyasətinin necə formalaşacağı ilə bağlı ehtimalları təhlil edən “Middle East İnstitue”un dərc etdiyi məqalədə qeyd olunub.
Materialda bildirilib ki, bu ay yenidən hakimiyyətə gələcək prezident Donald Tramp ilk prezidentliyi dövründə gördüyü ilə müqayisədə tamamilə fərqli Yaxın Şərqlə qarşılaşacaq:
“Suriya köklü şəkildə dəyişib. Burada həm yeni problemlər, həm də yeni imkanlar mövcuddur. İran isə zəifləyib. ABŞ-nin Yaxın Şərqlə bağlı maraqlarını nəzərə aldıqda bunu müsbət hal kimi qiymətləndirmək olar. Lakin relsdən çıxa biləcək nüvə məsələsinin qarşısını almaq üçün düzgün siyasi kurs izləmək lazımdır. Səudiyyə Ərəbistanının bu məsələdə İranla birgə fəaliyyət ehtimalı azdır”.
“Dəyişməyən əsas məsələlərdən biri də ərəb-İsrail münaqişəsinin həlli perspektivinin qeyri-mümkün olmasıdır. Hər zaman olduğu kimi, Yaxın Şərqdə bütün bu məsələlər bir-biri ilə əlaqəlidir. Ona görə də hansısa məsələdə atılacaq addımlar, digər sahələrdəki uğur şansına da təsir edəcək”, – deyə təhlildə bildirilib.
Nəsimi Ələsgərli