Reklam: High Technic
hightechnic

Trampın yeni Cənubi Qafqaz planı - Qarabağ konfiliktində Rusiya sıradan çıxarılır?

Reklam: Sinerji Pro

“Ola bilsin ki, Rusiyanın tədricən Cənubi Qafqazdan sıxışdırılması kontekstində Dağlıq Qarabağ konfliktinin çözümü istiqamətində yeni imkanlar yaranacaq”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib:

“Söhbət Ermənistanda dəyişən hakimiyyət və yeni hökumətin formalaşmasından gedir. Burada tədricən Ermənistanın Rusiya orbitindən uzaqlaşaraq, daha çox Qərbə inteqrasiya xətti tutmasını nəzərdə tuturulur. Bu fonda Rusiyanın Cənubi Qafqazdan kənara çəkilməsi hələlik mümkün deyil. Məsələ yalnız Moskvanın bölgədən sıxışdırılıb çıxarılandan sonra gerçəkləşə bilər. Əslində, ABŞ prezidenti də buna işarə edir. Moskva Cənubi Qafqazda yalnız Ermənistan sayəsində möhkəmlənə bilib. Çünki, bölgədə Rusiyanın son qalası məhz buradır. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra isə Qərb üçün əlverişli imkan yaranıb ki, gələcəkdə Rusiyanı tamamilə regiondan sıxışdıra bilsinlər. Paşinyanın rəhbərliyilə Ermənistan Rusiya orbitindən çıxacağı təqdirdə, bu Moskvanın bölgəmizdən sıxışdırılması anlamına gələcək. Rusiyanın regiondan tamamilə sıxışdırılması isə həmçinin Dağlıq Qarabağ probleminin Moskvanın monopoliyasından çıxması demək olacaq. Yəqin, Tramp məktubunda buna da işarə vurub”.
Həmsöhbətimiz Trampın həmin məktubunda Qarabağ münaqişəsilə bağlı səsləndirdiyi fikirlərə ciddi yanaşmadığını deyib:
“ABŞ-ın hazırkı prezidenti Donald Trampın istənilən açıqlamasına, yaxud da bu adminstrasiyanın istənilən məktubuna o qədər də ciddi yanaşmaq doğru deyil. Bilirsiniz ki, həm Trampın özü, həm də adminstrasiyası qlobal səviyyədə tamamilə etimadı itirib. Qəbul olunan qərar, yaxud da imza  sabahı gün çox asanlıqla təkzib edilə və ləğv oluna bilir. Bu baxımdan ABŞ hakimiyyəti dünya səviyyəsində artıq öz etibarını itirmiş vəziyyətdədir. Yəni ciddi qəbul olunmurlar. Ona görə Trampın sözügedən məktubunda Dağlıq Qarabağla bağlı səsləndirdiyi həmin fikri də ciddi qəbul etmək doğru deyil”.

Bununla belə, N. Miri bu qənaətdədir ki, hər bir halda, Tramp məktubunda dediyi sözlərə əsasən bir neçə istiqamətin nəzərdə tutulduğunu söyləmək olar:
“Birincisi, məktubda deyilən həmin fikirlərlə Azərbaycan prezidentinin növbəti 7 ildə iqtidarda olması nəzərdə tutulur ki, Ağ Evin nəzərincə də bu müddətdə Bakı Dağlıq Qarabağ problemini müəyyən güzəştlər çərçivəsində həll etmək imkanına malikdir. Fikrimcə, qarşıdan gələn ayların Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacağını deməklə Tramp birinci vurğunu məhz buna edib.

Həmçinin, ola bilsin ABŞ-ın Tehrana yönəlik sərt siyasəti nəticəsində gələcəkdə İranın da sıxışdırılıb oyundan kənar vəziyyətə salınmasını deyə bilər. Ancaq hər bir halda, Tramp adminstrasiyası bu mesajla dolayısı ilə Cənubi Qafqazda ABŞ-ın geosiyasi maraqlarının artdığına, bu kontekstdə də Dağlıq Qarabağ probleminin onlar üçün müəyyən mənada maraqlı olmağına işarə edir. Minsk qrupunun həmsədr ölkəsi olsa da, uzun illərdir bilirsiniz ki, Dağlıq Qarabağ məsələsi Vaşinqton üçün prioritet siyasət sayılmayıb.

Dolayısı ilə ABŞ prezidenti məktubundakı açıqlama ilə artıq Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Vaşinqton üçün müəyyən mənada geosiyasi maraq kəsb etdiyinə də işarə edə bilər”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubunda qarşıdan gələn ayların Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacağı və bunun ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacağına işarə vurub.
Hansı ki, bu günə qədər Vaşinqton ATƏT-in Minsk qrupu həmsədr ölkələrindən biri olsa da, münaqişəsinin həllində Moskvadan fərqli olaraq aktiv olmayıb. Vaşinqton bu məsələdə öz məqamının çatması üçün sanki gözləmə mövqeyi tuturdu.

ELÇİN

www.yenicag.az

1743