“Co Bayden və administrasiyası qlobal maliyyə sistemi tərəfindən dəstəklənir. Bayden bu sistemin təmsilçisi olaraq çıxış edir və onun siyasəti də məhz ABŞ xalqı və dövlətinin deyil, qlobal maliyyə sisteminin maraqlarına xidmət edir”.
Bu sözləri Yenicag.az-la söhbətində Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, analitik Əli Zülfüqaroğlu deyib.
Siyasi təhlilçi ötən gün dövlət başçısı İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibədə yanvarın 20-si hakimiyyətə gələcək olan Donald Tramp administrasiyası ilə bağlı söylədiyi fikirləri şərh edib.
Ə. Zülfüqaroğlunun fikrincə, Birləşmiş Ştatların daxilində qlobalistlər ilə milli dövlət tərəfdarları arasında uzun müddətdir davam edən mübarizə mövcuddur və bu, təkcə ABŞ-də deyil, dünyanın müxtəlif bölgələrində də təzahür edir:
“Ukrayna müharibəsi, Yaxın Şərqdəki qarşıdurmalar, Cənubi Qafqazdakı gərginliklər və digər oxşar hadisələr məhz qlobal maliyyə sistemi və onun formalaşdırdığı marionet siyasi hakimiyyətlərin yaratdığı xaosun bir hissəsidir. Bu xaosun yaradılmasının səbəbi, mövcud “petro-dollar” sisteminin çöküşü və dövlətlər üzərində təzyiq imkanlarının saxlanılması üçün yeni qlobal maliyyə sisteminin qurulmasına cəhddir. Amma göründüyü kimi, buna qarşı müqavimət var, dövlətlər faiz boyunduruğundan xilas olmağa çalışır, müqavimət göstərir. Məsələn, BRICS kimi yeni ittifaqların, dolayısı ilə çökməkdə olan dollara alternativ valyutanın təməllərini atırlar.
Ona görə də, qlobal maliyyə sistemi müharibələrə rəvac verərək, dünya iqtisadiyyatında xaos yaradaraq dövlətləri zəiflətmək, yalnız öz nəzarətlərində olan yeni maliyyə sistemini tətbiq edərək dünya hakimiyyətlərini qorumaq istəyirlər. Bu məqsədlə ABŞ-nin Mərkəzi Bankı kimi təqdim olunan, əslində müstəqil quruluş olan və dünyanın maliyyə sisteminə yön verən Federal Ehtiyat Sistemi, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Hesablaşmalar Bankı və. s kimi quruluşlar və onların törəmə təşkilatları vasitəsilə dünya iqtisadiyyatına təzyiq göstərilir. Bayden administrasiyası dövründə biz bu siyasətin daha aydın şəkildə həyata keçirildiyini, müharibələr və iqtisadi böhranların qəsdən yaradıldığını müşahidə edirik”.
Mütəxəssis əmindir ki, Tramp isə qlobalistlərə qarşı çıxan, milli dövlət maraqlarını müdafiə edən bir lider olaraq fərqli yanaşma sərgiləyir:
“Onun administrasiyası ABŞ-nin qlobal maliyyə sistemindən asılılığını azaltmağa və dövlətin maraqlarını üstün tutmağa çalışır. Trampın mövqeyi Federal Ehtiyat Sistemi və onun arxasındakı bankların sahiblərinə, qlobal oliqarxiyaya qarşı yönəlib. Bu yanaşma, ABŞ xalqının yalnız istehlakçı kütlə rolunda qalmamasını, əksinə, onun formalaşdırdığı hökumətlərin təsir imkanlarının artırılmasını, güclü və müstəqil bir dövlət olaraq fəaliyyət göstərməsini təmin etməyi hədəfləyir. Bu baxımdan, Tramp administrasiyasının siyasəti qlobal maliyyə sisteminin dominantlığına qarşı müqavimət göstərmək və dünya nizamını milli dövlətlər üzərində qurmaq istiqamətindədir”.
Həmsöhbətimiz əlavə edib ki, Bayden dövründə, xüsusilə Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə yönələn siyasətin şahidi olduq:
“Ermənistana verilən gizli hərbi dəstək və digər siyasi təzyiqlər bunun nümunəsidir. Eyni zamanda, Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Co Bayden eyni xəttin nümayəndələri olaraq regionda gərginliyi artıran siyasi xətt yürüdüblər. Gürcüstandakı hadisələr də bölgədə xaos yaratma siyasətinin bir hissəsidir. Bayden və Makronun məqsədi bölgəni destabilizasiya edərək bu maraqları təmin etməkdir. Trampın hakimiyyəti dövründə isə daha fərqli bir siyasətin şahidi ola bilərik. Trampın dünya siyasətində milli dövlətlərin mövqeyini gücləndirməyə çalışacağı gözlənilir. Lakin bu, Tramp üçün həm ABŞ daxilində, həm də beynəlxalq arenada ciddi çətinliklər yaradacaq. Qlobalistlər Trampı zəiflətmək və onun siyasi xəttinə mane olmaq üçün bütün imkanlardan istifadə edəcəklər. Buna baxmayaraq, Trampın yürüdəcəyi siyasətin milli dövlət anlayışını möhkəmləndirəcəyinə və dünya nizamına müsbət təsir göstərəcəyinə ümid edilir”.
“Trampın birinci prezidentliyi dövründə işğalın aradan qaldırılmasına və erməni təcavüzünə qarşı aparılan hərbi əməliyyatlara müdaxilə etməməsi və neytral mövqe sərgiləməsi bu fikirləri müdafiə edir. Bu yanaşmanın davam etdirilməsi regionda sabitlik və sülh üçün yeni imkanlar yarada bilər. Nəticə etibarilə, ABŞ daxilində qlobalistlər və milli dövlət tərəfdarları arasındakı mübarizə təkcə bu ölkənin deyil, bütün dünyanın taleyinə təsir göstərir. Trampın siyasətinin uğurlu olması isə dünya nizamının milli dövlətlər əsasında formalaşmasında mühüm rol oynaya bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov