“Ümumiyyətlə, Donald Tramp 45-ci prezidentlik dövründə də qeyri-adi bir şəxsiyyət və böyük bir siyasi xadim olduğunu göstərdi. Onun bəzən zarafatla söylədiyi fikirlər daha sonra ciddi siyasi proseslərə çevrilir və ya əksinə, ciddi yanaşdığı məsələlər barış, sülh və heç kimin gözləmədiyi ssenarilərlə yekunlaşır. Məsələn, Cənubi Koreya və Şimali Koreya arasında razılıq əldə olunması və digər məsələlər birbaşa Trampın adı ilə bağlıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Siyasi təhlil ABŞ-nin yeni seçilən 45-ci prezidenti Donald Trampın Kanada ilə bağlı son günlər səsləndirdiyi fikirlərə münasibət bildirib.
Xatırladaq ki, D. Tramp zünün “X” hesabındakı paylaşımda Kanadanın Baş naziri Castin Trüdoya sataşıb.
“Ötən gecə Böyük Kanada Ştatının qubernatoru Castin Trüdo ilə nahar etmək çox xoş idi. Nəticələri hamı üçün həqiqətən möhtəşəm olacaq. Tariflər və ticarətlə bağlı dərin danışıqlarımızı davam etdirə bilməmiz üçün qubernatoru tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm!”, – deyə onun paylaşımında qeyd olunub.
İ. Hüseynovun fikrincə isə Trampın prezidentlik dövründə ABŞ-nin qonşularına yanaşmasını analiz etsək, görərik ki, əsasən, bu dövlətlərə iqtisadi yardım, subsidiyalar, güzəştli kreditlər və imtiyazları ləğv etməklə bağlı fikirlər səslənib:
“Bu yanaşmaların arxasında həmin yardımları aradan qaldırmaq və bu ölkələri daha müstəqil etmək məqsədi durur. Həmçinin ortada siyasi mesajlar da var: məsələn, əgər biz Kanadaya müxtəlif yollarla dəstək vermək istəyiriksə, o zaman bir ştatımız kimi, onu rahatlıqla dəstəkləyə bilərik. Bu cür fikirlər sarkazmla və yumorla söylənilən ciddi siyasi mesajlar kimi qiymətləndirilə bilər və nəzərə almaq lazımdır ki, bunu prezident səlahiyyətləri başlamamış bir şəxs söyləyir. Lakin 20 yanvar inauqurasiyasından sonra bu fikirlər artıq rəsmi mövqe kimi qiymətləndirilir və özlüyündə böyük bir mesaj verir”.
Analitik əmindir ki, bu mesaj həm də Ukraynaya, Avropaya, Çinə və Rusiyaya yönəldilmiş bir mesajdır:
“ABŞ artıq səxavətli yardımlarını, donor dövlət kimi iştirakını dayandırır və ya buna sual işarəsi qoyur, sərt qənaət rejiminə keçir. Bu cür mesajları belə də oxumaq mümkündür ki, indiyə qədər Kanadaya, Meksikaya və digər ölkələrə yardım edən Vaşinqton bu gün bunu etmək istəmir və ya NATO büdcəsinə böyük vəsaitlər ayırmaq niyyətində deyil. Avropa dövlətləri və NATO üzvü olan ölkələr ümumi daxili məhsullarının iki faizini NATO büdcəsinə ayırmalıdırlar. Bu, həm də bir öhdəlik, vəzifə və məsuliyyətdir. Çünki yeni dönəmdə ABŞ prezidenti əvvəlki dövrdə tətbiq olunan idarəçilik sistemini qəbul etməyəcək. Əgər həqiqətən də dövlətlər ABŞ-nin iqtisadi cəhətdən bu qədər asılıdırsa, o zaman 51-ci ştatla bağlı düşünmək mümkün ola bilər”.
Rafi Müslümov